...

Lənkəranda sahibkarların görüşü keçirilib (FOTO)

İqtisadiyyat Materials 20 İyul 2019 16:04 (UTC +04:00)
Lənkəran şəhərində bakılı və yerli sahibkarların işgüzar görüşü keçirilib.
Lənkəranda sahibkarların görüşü keçirilib (FOTO)

Bakı. Trend:

İyul ayının 19-da Lənkəran şəhərində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun təşəbbüsü və deputat Rüfət Quliyevin təşkilatçılığı ilə bakılı və yerli sahibkarların işgüzar görüşü keçirilib.

Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə 60-a yaxın sahibkar və KİV nümayəndələri iştirak edib.

Görüşü giriş sözü ilə açan Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev son illərdə ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi kursun reallaşmasında kiçik və orta biznesin mühüm rolundan ətraflı bəhs edib, ölkə rəhbərinin bu sahənin inkişafına verdiyi böyük önəmi, ölkədə sahibkarlığın genişlənməsi üçün yaradılan münbit zəmini, qəbul edilən çoxsaylı qərarları xüsusilə vurğulayıb.

Lənkəran rayonunda da sahibkarlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini qeyd edən deputat bildirib ki, bugünkü görüşün keçirilməsi Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun kiçik və orta biznesin inkişafına hərsahəli qayğısının bariz faktıdır.

Rüfət Quliyev görüşün məqsədini açıqlayaraq nəzərə çatdırıb ki, bura yığışan sahibkarlar geniş fikir mübadiləsi aparıb, bir-birlərinə qarşılıqlı kömək məsələlərini, yeni sahə və filialların yaradılması barədə fikirlərini bölüşməli, qazandıqları uğurlar və rastlaşdıqları çətinlikləri də müzakirə etməlidirlər.

Bakıdan təşrif buyurmuş sahibkarların fəaliyyət sahələri barədə məlumat WeClub-un rəhbəri İradə xanım Zeynalova tərəfindən verildikdən sonra qonaqlarla yerli sahibkarların ətraflı tanışlığı baş tutub.

Müzakirələrdə çıxış edən "AFTF Consulting"in rəhbəri Ələviyyə Həsənova, “Cənub Aqrar” MMC-nin rəhbəri Emin Cəbizadə, “Bağçam uşaq bağçaları”nın rəhbəri Samirə Muxtarova, “Astara Çay” MMC-nin rəhbəri Şirqasım Məmmədov, “Bakı Tourist Hostinq Offise”nin nümayəndələri Tərlan Yusubov və Vüqar İbrahimov, “Diamond Hotel”inin Rüfət Əbilov, sahibkar Elyar Cəfərov, “Kiçik Qızılağac Balıqartırma” müəssisəsinin rəhbəri Dadaş Abasov, “Life Guard” Şirkətinin nümayəndələri Orxan Qasımov və Həcər Xəlilova, “WeClub”un nümayəndəsi Zaur Murtuzayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin sektor müdiri Mikayıl Cəfərzadə, “Lənkəran” qəzetinin redaktoru Əlimardan Əliyev və başqaları sahibkarlıq xüsusilə də kiçik və orta sahibkarlığın inkişafından geniş danışıb, uyğun sahələrin bir-birinə qarşılıqlı kömək imkanlarını qeyd ediblər. Gələcək əlaqələr üçün vizit kartları mübadiləsi edən sahibkarlar tədbirin böyük əhəmiyyətini xüsusilə vurğulayıblar.

Sonda tədbiri yekunlaşdıran Rüfət Quliyev tədbirin keçirilməsi və yaradılan şərait üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təşəkkürünü bildirib, qeyd edib ki, gələcəkdə də belə görüşlər mütamadi olaraq keçiriləcək, festivallar, sərgilər, təcrübə mübadilələri təşkil olunacaq.

Görüşdən xoş təəssüratla ayrılan qonaqlar “Lənkəran Çay-5” Çay fabrikində əkin və istehsal sahələrinin işi ilə də tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti