...

Əhməd Əhmədzadə: 2020-ci ildə 400 ədəd subartezian quyusundan 158-nin pambıqçılıq rayonlarında qazılması nəzərdə tutulub

İqtisadiyyat Materials 20 Dekabr 2019 02:43 (UTC +04:00)
2020-ci ildə 400 ədəd subartezian quyusundan 158-nin pambıqçılıq rayonlarında qazılması nəzərdə tutulub
Əhməd Əhmədzadə: 2020-ci ildə 400 ədəd subartezian quyusundan 158-nin pambıqçılıq rayonlarında qazılması nəzərdə tutulub

Bakı. Trend:

2020-ci ildə 400 ədəd subartezian quyusundan 158-nin pambıqçılıq rayonlarında qazılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə deyib.

Ə.Əhmədzadə qeyd edib:

"Sizin rəhbərliyiniz, böyük diqqət və qayğınız sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsi də son 16 ildə böyük inkişaf yolu keçib. Sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni 4 su anbarı tikilərək istismara verilib, 10 min kilometrə qədər yeni suvarma və kollektor-drenaj şəbəkələri tikilib və bərpa edilib, 2200-dən artıq subartezian quyusu qazılıb, ümumilikdə, 462 min hektar sahədə torpaqların su təminatı və 292 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 194 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.

2019-cu ilin kəskin quraq və isti keçməsinə baxmayaraq, bütün imkanlar səfərbər edilərək irriqasiya və meliorasiya sistemlərinin normal istismarı təmin edilib, mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, suvarmada növbəliliyin tətbiq olunması və görülmüş digər tədbirlər nəticəsində respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 400 min hektar sahədə orta hesabla üç dəfə suvarılıb.

Əvvəlki illərdə daha böyük sahələrdə pambıq əkini aparılsa da, sahələr düzgün seçilmədiyindən, qış otlaq sahələrində, suvarma şəbəkələri olmayan ərazilərdə pambıq əkinləri aparıldığından yekunda kifayət qədər məhsul istehsalına nail olunmurdu. Sizin tapşırığınıza əsasən, ötən illərdən fərqli olaraq, Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə ötən ilin payız aylarından başlayaraq 2019-cu ilin pambıq əkinləri üçün əsasən suvarma şəbəkələri olan sahələr seçilib və əkinlər həmin sahələrdə aparılıb.

Pambıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi, yüksək məhsul istehsalına nail olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Səhmdar Cəmiyyətin mütəxəssislərinin, pambıqçılıqla məşğul olan aidiyyəti qurumların, fermerlərin və torpaq mülkiyyətçilərinin iştirakı ilə geniş müşavirələr keçirilib. Həmin müşavirələrdə sahədə olan vəziyyət araşdırılıb, çatışmazlıqlar və problemlər ətraflı müzakirə edilib, onların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilib və qarşılıqlı əməkdaşlıq şəraitində onların həllinə nail olunub.

Cari ildə 100 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün suvarma və kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğu, nasos aqreqatları, subartezian quyuları təmir edilib və yeniləri tikilib.

Mingəçevir su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar Sizin tapşırığınıza əsasən, ötən ildən etibarən Yuxarı Şirvan kanalının baş qurğusunun sugətirici kanalının dərinləşdirilməsi işlərinə başlanılıb və görülmüş işlərin nəticəsi olaraq anbarda suyun səviyyəsinin azalmasına baxmayaraq, cari ildə kanala tələb olunan miqdarda suyun götürülməsi təmin edilib. Əgər bu işlər vaxtında yerinə yetirilməsəydi, Şirvan bölgəsi rayonlarının 130 min hektar torpaq sahəsinin su təminatında və əhalinin kommunal-məişət su təchizatında ciddi çətinliklər olardı. Suyun gətirilməsi üçün hazırda 50 ədəd maşın və torpaqqazan texnika cəlb olunmaqla işlər davam etdirilir.

Görülmüş tədbirlər nəticəsində pambıq sahələri ümumilikdə 3,1 dəfə suvarma suyu ilə təmin edilib.

Möhtərəm cənab Prezident, Sizin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyiniz tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyət meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması və sahələrin genişləndirilməsi istiqamətlərində əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də fəaliyyətini davam etdirib.

Cari ildə respublikada 20 min hektara yaxın ərazidə yaradılmış 10 aqroparkdan 4-ü pambıqçılıq rayonlarının payına düşür.

Eyni zamanda, Sabirabad, İmişli, Biləsuvar və Saatlı rayonlarında yaradılmış iri təsərrüfatlara məxsus yeni suvarılan torpaqların suvarma suyu ilə təmin edilməsi və meliorativ tədbirlərin aparılması işləri davam etdirilib, Salyan rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün işçi layihə hazırlanıb.

Şəmkirçay su anbarı zonasında Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 2-ci növbəsinin son hissəsinin tikintisi işlərinin başa çatdırılması ilə Goranboy rayonunun daha 12 min hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Keçən əsrin 80-ci illərində tikintisi yarımçıq qalmış Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının Kür çayı üzərində yerləşən nasos stansiyalarının suvermə qabiliyyətinin artırılması işləri davam etdirilib.

Suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün 2018-ci ildə Araz çayının beton üzlük çəkilmiş Yeni qol kanalından suvarma sahələrinə suyun paylanması məqsədilə 115 kilometr paylayıcı kanalların tikintisi cari ildə başa çatdırılıb.

Sizin tapşırığınıza əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrində meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanmasına başlanılıb.

Respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 345 ədəd subartezian quyusu, - onlardan 160 ədədi pambıqçılıq rayonlarının ərazilərində, - qazılıb ki, bu da 8362 hektar torpaq sahəsinin su ilə təmin edilməsinə imkan yaradıb.

2019-cu ildə respublikada 80 min hektara yaxın sahədə mühüm meliorativ tədbirlər həyata keçirilib ki, onun 28 min hektarı yeni suvarılacaq, 30 min hektarı su təminatı və 22 min hektarı meliorativ vəziyyəti yaxşılaşdırılan torpaqlardır və bunun da 49 min hektarı pambıqçılıq rayonlarının payına düşür.

Tapşırığınıza əsasən, 2020-ci ildə 400 ədəd subartezian quyusundan 158-nin pambıqçılıq rayonlarında qazılması nəzərdə tutulub. Hazırda mütəxəssislərimiz tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birlikdə həmin quyuların yerlərinin seçilməsinə və layihələrinin hazırlanmasına başlanılıb.

Möhtərəm cənab Prezident, tapşırığınıza əsasən mövcud potensiallardan, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə sahənin intensiv və ekstensiv inkişafının təmin edilməsi məqsədilə mövcud suvarma şəbəkələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, torpaq məcralı kanalların beton üzlüyə alınması, istismar müddətini başa vurmuş nov kanallarının yenisi ilə əvəz edilməsi, suvarmada müasir texnologiyaların tətbiq olunması və suvarılan torpaqların genişləndirilməsi barədə Səhmdar Cəmiyyət tərəfindən İqtisadiyyat Nazirliyinə müvafiq təkliflər təqdim edilib və hazırda onlara baxılır.

Möhtərəm cənab Prezident, biz 16 ildir şahidiyik ki, Sizin rəhbərliyiniz altında həyata keçirilən hər bir tədbir bu və ya digər sahənin intensiv inkişafını, bu sahədə böyük dönüşün baş verməsini təmin edən səfərbəredici qüvvəyə malikdir. Son illərdə pambıqçılıqla bağlı keçirdiyiniz müşavirələr bunu bir daha sübut edir. Çünki Siz təkcə qarşıya tələblər qoymaqla kifayətlənmir, sahənin inkişafı üçün lazım olan dövlət dəstəyini ən yüksək səviyyədə təmin edirsiniz. Nəticələr göz qabağındadır: 294 min ton Azərbaycan pambığı.

Respublika melioratorları Sizi əmin edirlər ki, pambıq və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bundan sonra da daha böyük səylə çalışacaqlar.

Diqqətinizə görə minnətdaram."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti