...

SOCAR NAMA layihəsi çərçivəsində görülən tədbirləri AÇIQLADI

İqtisadiyyat Materials 24 Yanvar 2020 13:59 (UTC +04:00)
NAMA layihəsi üç komponentdən ibarətdir
SOCAR NAMA layihəsi çərçivəsində görülən tədbirləri AÇIQLADI

Bakı. Trend:

SOCAR ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında 26 fevral 2015-ci il tarixində “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) üzrə müqavilə imzalanmışdır.

NAMA layihəsi üç komponentdən ibarətdir:

• SOCAR-da Yaşıl Bina Proqramı
• SOCAR-da Dayanıqlı Nəqliyyat Sistemi
• Səmt qazlarının tutulması.

SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətdə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı (NAMA)” layihəsi çərçivəsində aşağıdakı konfrans və seminarlar keçirilib:

• “Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri” mövzusunda təlim-seminar;

• Azərbaycanda karbon emissiyalarının (CO2) azaldılmasına dair tədbirlərə həsr olunan elmi-texniki konfrans;

• “Müxtəlif enerji istehlakı sektorlarında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsində effektiv siyasət və proqramlar üzrə məlumatlılığın artırılması və biliklərin paylaşılması” mövzusunda seminar.

SOCAR-da Yaşıl Bina Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər:

“Kimyaçı” mədəniyyət sarayında - alternativ enerji mənbələrindən istifadə və enerji səmərəliliyini artırılması məqsədilə, 23 kVt olan günəş panellərinin quraşdırılması həyata keçirilib, binanın tavanında 1200 m2-lik sahəyə istilik-izolyasiya materialı çəkilib.

SOCAR-ın “Eko-Park” inzibati binasında, Eİ-nin Tullantıların İdarə Edilməsi Mərkəzinin inzibati və məişət binalarının üz qatı və tavanı daş yun materialla izolyasiya edilib, binaların üz qatına istiləşdirici panellər yapışdırılıb. Bundan əlavə, binalarda istilik itkisinin qarşısının alınması məqsədi ilə pəncərələr kipləşdirilmişdir. Tədbirlər nəticəsində 30-40%-ə qədər enerji qənaətinə nail olunması planlaşdırılır.
Layihə çərçivəsində SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzinin (TİEM) ərazisində ümumi gücü 15.36 kW olan 60 ədəd günəş paneli və hər birinin gücü 4kW olmaqla ümumi gücü 24kW olan şaquli külək generatorları quraşdırılmışdır.

SOCAR-da Dayanıqlı Nəqliyyat Sistemi çərçivəsində həyata keçirilmiş tədbirlər:

Layihə çərçivəsində əldə edilən Eko-sürücülük simulyatoru sifariş əsasında, Azərbaycanın yol və iqlim şəraitinə, yol hərəkəti qaydalarına uyğun hazırlanaraq SOCAR-a təhvil verilmişdir. Eko-sürücülük simulyatoru 2018-ci ildə SOCAR-ın Nəqliyyat Departamentinin balansında fəaliyyət göstərmişdir. Hazırda simulyator vasitəsilə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində mühəndis texniki işçilərə və sürütəlimlər keçirilir. Layihənin davam etdirilməsi nəticəsində SOCAR-ın 684 nəfər minik, avtobus və yük maşınlarının sürücülərinə və mühəndis texniki işçilərə simulyator vasitəsilə ekoloji səmərəli sürücülük təlimləri keçirilmişdir. Layihənin həyata keçirilməsi sayəsində SOCAR-da ildə bir mln. litrə yaxın yanacağa qənaət ediləcəkdir.

Səmt qazlarının tutulması çərçivəsində həyata keçirilmiş tədbirlər:

SOCAR-ın İqlim Dəyişmələrinə Təsirlərin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə yatağı pilot ərazi olaraq seçilmiş və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülmüşdür. Ümümilikdə layihə çərçivəsində “Siyəzənneft” NQÇİ-nin Zağlı-Zeyvə sahəsində yerləşən 63 quyuda instrumental ölçmə işləri aparılmışdır. Səmt qazının tərkibinin öyrənilməsi məqsədilə 20 quyunun boruarxası fəzasından çıxan səmt qazlarından nümunələr götürülmüş və tərkibi analiz edilmişdir. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılmış, ümumi uzunluğu 32 km olan əsas qaz boru xətti çəkilmişdir.

Sentyabrın 23-də Siyəzəndə SOCAR-ın əməliyyatçı olduğu Zağlı-Zeyvə yatağı ərazisində səmt qazının yığılması məqsədi ilə quraşdırılmış kompressor stansiyalarının açılış mərasimi olmuşdur.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə iştirak etmişlər.

2 il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 milyon m3 səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaqdır. Layihə ölkədə enerjiyə qənaət edən və karbon emissiyası aşağı olan texnologiyaları dəstəkləyir.

Bütün bu işlər İqlim dəyişmələri konvensiyası, Paris razılaşmasının öhdəliklərinin yerinə yetirilməsində və ölkənin dayanıqlı inkişafında mühüm töhvə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti