...

“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb

İqtisadiyyat Materials 23 Noyabr 2020 16:46 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında Azərbaycan Respublikasında alüminium istehsalının genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində imzalanan ilkin müqaviləyə uyğun olaraq artıq bu yöndə müəyyən işlər icra olunmağa başlayıb. Aparılan işlər çərçivəsində beynəlxalq standartlara uyğun texniki-iqtisadi əsaslandırmanın hazırlanması əsas yerlərdən birini tutur.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Trend-ə bildirilib ki, ən müasir istehsal proseslərini, nou-hauları və ölkəmizdə geniş spektrlı alüminium məhsullarını istehsal etmək imkanını özündə cəmləşdirən bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında əsas şərtlərdən biri beynəlxalq maliyyə institutları və digər qurumların tələb və meyarlarına uyğun şəkildə təqdim olunmasıdır. Əsaslandırma yalnız texnoloji proseslərin qurulması metodları, maliyyə perspektivləri və səmərəliliyi deyil, eyni zamanda alüminium sahəsində olan bazar tendensiyalarının və tələblərin öyrənilməsi, avtomobil, gəmiqayırma, alternativ enerji kimi hədəf seqmentlərinin müəyyənləşdirilməsi, rəqib şirkətlərin bazar paylarının və strategiyalarının araşdırılması, potensial müştərilərlə müsahibələrin keçirilməsi və bu kimi digər mühüm aspektləri əhatə edir.

Tikintisi planlaşdırılan və üstün texnologiyalar əsasında qurulması nəzərdə tutulan yeni alüminium zavodunun texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə dövlət satınalmaları haqqında qanuna müvafiq olaraq, satınalma proseduru keçirilmişdir. Bu prosesə həm yerli, həm də dünyanın aparıcı şirkətlərinin, xüsusilə də “Big Four” qrupuna daxil olan şirkətlərin cəlb olunmasına nail olunmuşdur. Formal tələblər və şərtlər toplusunda əksini tapan aspektlərin əhatə olunma dərəcəsinə uyğun olaraq, iştirakçılar arasında aparılan qiymətləndirmə nəticəsində “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti qalib gəlib və qurum ilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən “Azərbaycan Sənaye Korporasiyası” ASC, Almaniyanın “Achenbach Buschhütten” şirkəti və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında texniki-iqtisasi əsaslanmanın hazırlanması istiqamətində işlər artıq başlanıb. Qarşıya qoyulan hədəflərə vaxtında çatmaq məqsədilə iş bölgüsü və qrafik müəyyən olunaraq, icrasına start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti