...

Fiziki şəxslərdən mənzilə görə əmlak vergisi necə hesablanır?

İqtisadiyyat Materials 18 Fevral 2022 22:27 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

Fiziki şəxslərdən mülkiyyətində olan mənzilə görə əmlak vergisi yaşayış sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Bu hesablama həmin əraziyə nəzarət edən bələdiyyə tərəfindən həyata keçirilir.

Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.

Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.

Fiziki şəxsin hər bir əmlakı yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.

Yaşayış sahəsi - AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əgər həmin əmlak yaşayış sahəsidirsə bu sahənin 30 kvadratmetri vergidən azad edilir.

Məsələn fiziki şəxsin mülkiyyətində olan mənzilin ümumi sahəsi 25 kv.metrdir. Yaşayış mənzilinin sahəsi 30 kv.metrdən az olduğuna görə əmlak vergisi hesablanmır.

Fiziki şəxslər üçün əmlak vergisinin dərəcələri aşağıdakı cədvəldə göstərilmişdir:(bina Bakı şəhərində yerləşdikdə hesablama, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0.7-1.5 aralığında əmsallar tətbiq olunmaqla aparılır)

Yaşayış məntəqələri

Vergi miqdarı(hər kvadratmetr üçün manatla)

Bakı

0.4

Gəncə, Sumqayıt və Abşeron rayonu

0.3

Digər şəhərlər(rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0.2

Rayon tabeliyində olan şəhərlərdə və kəndlərdə(Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0.1

Buna misal olaraq, fiziki şəxsin Bakı şəhərində Rüstəm Rüstəmov küçəsində yerləşən çoxmənzilli binada ümumi sahəsi 74 kv.metr olan yaşayış sahəsi vardır. AR Nazirlər Kabinetinin "AR Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə" Qərarında həmin yer 6-cı zonaya aid edilmiş və zona əmsalı 1 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kv.metrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır:

(74 - 30) x 0,4 x 1 = 17.60 manat

Fiziki şəxslərin əmlak vergisi yerli büdcəyə ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti