...

Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub - "AmCham"ın prezidenti (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 12 Aprel 2022 14:28 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub - "AmCham"ın prezidenti (MÜSAHİBƏ)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə ABŞ arasında dinamik inkişaf edən iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub.

Bunu Trend-ə müsahibəsində Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") prezidenti Nərgiz Nəsrullayeva deyib.

O qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub.

"30 il ərzində Azərbaycan ilə ABŞ arasında münasibətlər müxtəlif sahələri əhatə edib. Ölkələrimiz arasında iqtisadiyyat, enerji, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq əlaqələri möhkəmlənib. Bu tərəfdaşlığın ilkin mərhələsində, 1996-cı ildə Azərbaycanda Amerika Ticarət Palatası yaradılıb və fəaliyyətinin ilk günlərindən iki ölkənin biznes strukturları arasında iqtisadi əlaqələrin qurulmasına kömək edib. Bu gün Palata Azərbaycan iqtisadiyyatının 19 sahəsini təmsil edir və Azərbaycanda biznesin "səsi" olaraq 250-dən çox şirkəti birləşdirir və bu şirkətlərdə ABŞ və Azərbaycan kapitalı ilə yanaşı, transmilli korporasiyalar da təmsil olunur. ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər regionlarında neft və qaz yataqlarının işlənməsini daim dəstəkləyir. Azərbaycanın neft və qaz ehtiyatları Avropa və digər bazarlara çatdırılır və bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir", - deyə N.Nəsrullayevə bildirib.

Onun sözlərinə görə, ötən illərdə Oklahoma və İllinoys ştatlarında ABŞ və Azərbaycandan olan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən kənd təsərrüfatı forumları keçirilib.

"Bu tədbirlərin keçirilməsində məqsəd ABŞ-ın iri kənd təsərrüfatı ştatlarının kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları ilə azərbaycanlı sahibkarlar arasında əməkdaşlığın qurulması, heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarəsi və məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı sektorunda tətbiq olunan yeni üsullarla tanış olmaq, dənli və paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələlərini müzakirə etmək olub. Biz son illərdə Azərbaycanda fəaliyyət göstərən iri amerikalı investorların və transmilli şirkətlərin nümayəndələri üçün də ABŞ-a işgüzar səfər təşkil etmişik. Bu səfər çərçivəsində nümayəndə heyəti Konqres üzvləri və ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirib. Səfərin əsas məqsədi ABŞ tərəfini Azərbaycanda mövcud iqtisadi vəziyyət, biznes imkanları və investorlar üçün əlverişli şərait haqqında məlumatlandırmaq olub. Görüşlərdə Azərbaycana “Doing Business” və “Global Competitiveness” reytinqlərində daha yüksək mövqe tutmağa imkan verən son illərdə baş vermiş müsbət dəyişikliklərdən danışılıb.

ABŞ-ın müstəqil analitik mərkəzinin təşəbbüsü ilə “Xəzər Siyasi Mərkəzi” çərçivəsində Azərbaycan və ABŞ arasında ticarət, infrastrukturun inkişafı və enerji tərəfdaşlığı sahələrində əlaqələrin müzakirəsi və inkişafına həsr edilmiş bir sıra tədbirlərin təşkilini də qeyd etmək istərdim", - deyə "AmCham"ın prezidenti bildirib.

N.Nəsrullayeva qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə “AmCham” həm müstəqil şəkildə, həm də digər biznes assosiasiyalarla birgə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ölkə Prezidenti və xalqına dəstək bildirən və qəti şəkildə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanatlarla çıxış edib. O qeyd edib ki, müharibənin başa çatmasında sonra “AmCham” bu istiqamətdə dəstəyini davam etdirib, Prezident İlham Əliyev tərəfindən YAŞAT Fondunun yaradılmasını alqışlayıb və fondu kömək göstərib.

“Vurğulamaq lazımdır ki, ABŞ şirkətləri hər zaman Azərbaycanda öz bizneslərinin genişlənməsində maraqlı olub. Nümunə olaraq, bizim Qarabağ Dirçəliş Fondu ilə birgə erməni işğalından azad edilmiş Ağdam şəhərinə təşkil etdiyimiz səfərləri göstərmək olar. Burada şirkətlərimizə regiona mümkün investisiyalar üçün şərtlər barədə məlumat verilib.

Azad edilmiş ərazilərdə aparılan bərpa işləri, o cümlədən enerji infrastrukturunun bərpası, eləcə də regionun böyük su, günəş və küləlk enerjisi potensialı, Prezident İlham Əliyevin tapşırığı ilə “yaşıl” enerji zonasının yaradılması planları və bu sahədə həyata keçirilən tədbirlər təşkilatımızın üzvlərinin xüsusi diqqət mərkəzindədir”, - deyə o bildirib.

O deyib ki, Azərbaycan beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir və bu baxımdan işgüzar dairələrin iştirakı ilə təşkil olunan tədbirlər ABŞ-la Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində vacib rol oynayır.

“Hesab edirik ki, ticarət missiyaları və digər birgə tədbirlər ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına xidmət edir. 200-dən çox ABŞ şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində təmsil olunması faktı, eləcə də son dövrlərdə iki ölkə arasında ticarət dövriyyəsinin artması iki ölkə arasında ticari-iqtisadi əlaqələrin yüksək səviyyəsini göstərir.

2022-ci il ölkələr arasında iqtisadi münasibətlərin yeni dövrünün inkişafına təkan verəcək. Biz inanırıq ki, yaxın zamanlarda bütün bu işlərin müsbət nəticələrini görəcəyik və ölkə iqtisadiyyatında ABŞ şirkətlərinin rolunun artmasına nail olacağıq”, - N.Nəsrullayeva deyib.

“AmCham” prezidenti vurğulayıb ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr daha da genişlənib.

“Ölkələrimiz investisiyalar sahəsində uğurla əməkdaşlıq edir və bunun əsas həcmi neft-qaz sektorunun payına düşür. Azərbaycan iqtisadiyyatının bu sektorunda ABŞ investisiyalarının həcmi 12,8 milyard dollar təşkil edib. Ümumilikdə isə, bu rəqəm 14 milyard dollara çatır. Enerji sektorunda reallaşdırılan irimiqyaslı layihələr regionun inkişafına güclü təkan verə bilər. Bu gün Azərbaycan “Cənub Qaz Dəhlizi”nin işə düşməsi və Avropanın enerji təhlükəsizliyində iştirakı sayəsində qaz ixracatçısına çevrilib. Vurğulanmalıdır ki, ABŞ Azərbaycanın təşəbbüsü və iştirakı irimiqyaslı və strateji layihələrin reallaşdırılmasına daim dəstək göstərir”, - o deyib.

N.Nəsrullayeva əlavə edib ki, Azərbaycanın neft-qaz sektoru uzun inkişaf yolu keçib və ölkənin inkişafına xüsusi töhfə verməkdə davam edir.

“Bununla yanaşı, dövlətimizin iqtisadiyyatın səmərəliliyi və rəqabətqabiliyyətliyilinin artırılması istiqamətində başlıca prioritetlərindən biri qeyri-neft sektorunun inkişafının təmin olunmasıdır. Məhz bu səbəbdən biz ölkəmizdə qeyri-neft sektorunun inkişafı üzrə daha intensiv addımlar atırıq və bu sahədə tövsiyyələrimizi verməklə hökumətlə əməkdaşlıq edirik”, - o deyib.

Yekunda “AmCham” prezidenti bildirib ki, yaxın illərdə Azərbaycanda biznes mühitinin inkişafı və dövlət-özəl tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində fəaliyyəti davam etdirmək planlaşdırılır.

“Nəzərə alsaq ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamətdir, biz bu istiqamətdə, eləcə də ölkəmizə birbaşa xarici investisiyaların cəlb olunması ilə bağlı intensiv iş planlaşdırırıq. Bununla yanaşı, korporativ sosial məsuliyyət siyasətimiz çərçivəsində biz təhsil sahəsində yeni layihələr reallaşdırmağı planlaşdırırıq. Eyni zamanda, biz iqtisadiyyatın aparıcı qüvvəsi olan kiçik və orta sahibkarlığın, o cümlədən qadın sahibkarlığı və ailə biznesinin inkişafı üzrə bir sıra layihələr icra etməyi planlaşdırırıq”, - N.Nəsrullayeva deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti