Bakı. Trend:
Silk Way Group-un üzvü, Xəzər Dənizi və MDB regionlarında yüksək sürətlə inkişaf edən yükdaşıyıcılarından biri olan Silk Way West Airlines yenidən dizayn edilmiş www.silkwaywest.com veb-saytını istifadəyə verib. Müştəri təcrübəsini yaxşılaşdırmaq üçün veb-sayt bir sıra yeni funksiyaları, o cümlədən praktik və istifadəçi üçün rahat interfeysi, sadələşdirilmiş naviqasiya və yeni inteqrasiya olunmuş onlayn sifariş xidməti ilə yanaşı təkmilləşdirilmiş yüklərin izlənilməsi xidmətini və CO2 kalkulyatorunu ehtiva edir.
Mövcud funksionallığı təkmilləşdirməklə yanaşı, aviaşirkətin müştərilərinə daha yaxşı xidmət göstərmək üçün iki yeni onlayn xidmət əlavə edilib. Onlayn rezervasiya funksiyası ekspeditorlara və satış agentlərinə internet saytı vasitəsilə birbaşa aviaşirkətə yük sorğuları göndərməyə və e-poçt vasitəsilə uçuş məlumatları ilə bron təsdiqini almağa imkan verir. İnteqrasiya edilmiş CO2 kalkulyatoru ilə təkmilləşdirilmiş izləmə xidməti yükün çəkisi, mənşəyi və təyinatı əsasında daşınmalardan yaranan karbon emissiyalarını hesablayan vebsayt vasitəsilə real vaxt rejimində statusun izlənilməsini təklif edir. Yeni funksiyalar xidmətlərin rəqəmsallaşdırılması və neytral karbon izi əldə etmək cəhdi ilə şirkətin müştəri təcrübəsini təkmilləşdirmək istəyini nümayiş etdirir.
Silk Way West Airlines-in prezidenti Volfqanq Mayer yeni xidmətlər barədə şərh verərək deyib: “Mən vebsaytımızı daha da cəlbedici edən və funksionallığını optimallaşdıran komandamızın şövqünü bölüşməkdən qürur duyuram. Veb-saytın yeni korporativ tərzimizə uyğunlaşdırılması, faydalı və vacib funksiyaların əlavə edilməsi Silk Way dünyasına addım atan müştərilər üçün əla təcrübəyə çevrilir. Proseslərimizin rəqəmsallaşdırılmasının növbəti mərhələsi veb-saytımız vasitəsilə onlayn sifariş funksiyasının işə salınmasıdır ki, bu da potensial müştərilərə çatmaq imkanlarımızı daha da artıracaq”.
“Biz çox şadıq ki, son layihəmiz rəqəmsal əsaslı inkişafı daha da artırmaq üçün QuoteIt platformamız vasitəsilə onlayn sorğu və interaktiv cavablama funksiyası ilə birlikdə Silk Way West Airlines-ın yeni dizayn edilmiş vebsaytını ən müasir izləmə qabiliyyəti ilə təmin etməkdə bizi bir araya gətirir. Bu sensasiyalı inkişafdır və biz iki şirkətimiz arasında davamlı sinerji və əməkdaşlığı səbirsizliklə gözləyirik”, - ENXT Solutions GmbH-nin idarəedici direktoru Cristina Feyzi bildirib.
2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics fəaliyyət göstərir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci il tarixində Boeing aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.