Bakı. Trend:
Azərbaycan balının, eyni zamanda azad edilmiş ərazilərdə istehsal edilmiş balın “Qarabağ” brendi altında Avropa İttifaqı ölkələrinə ixracı üçün artıq qablar və müəyyən etiketlər hazırlanıb.
Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.
"Əgər Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazələri ala bilsək, bal süzümündən sonra Avropaya məhsul ixrac edə biləcəyik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır", - deyə o qeyd edib.
B.Həsrətov bildirib ki, Azərbaycanda bal süzümü hələ davam edir:
"İşğaldan azad olunan torpaqlarımızda təxminən 20 min arı ailəsi yerləşdirilib. Qarabağ bölgəsində məhsuldarlıq yüksək olub. Hər arı ailəsindən orta hesabla 20 kq bal süzüblər. Məhsuldarlıq gözlədiyimizdən yaxşı olub. Arıçılar artıq ikinci bal süzümünə hazırlaşırlar. İkinci bal süzümü birincidən təbii olaraq az olacaq. Belə ki hər arı yeşiyinə 6 kq bal süzümü gözlənilir. Ümumilikdə Azərbaycanda bal süzümü altı min tondan yuxarıdır".
Onun sözlərinə görə, digər bölgələrdə balın kiloqramı 25-30 manata satılırsa, Qarabağda süzülən balın kiloqramı 40 manata ya da bundan baha satılır.