Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edilib.
Trend xəbər verir ki, Nazirlər Kabinetinin 421 №-li Qərarına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 421 saylı qərarı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Hazırda işğaldan azad edilmiş ərazilərə qısa müddətdə qayıdışın
və torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb
edilməsinin təmin edilməsi zərurəti yaranmışdır.
Qərarda kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində
əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd
təsərrüfatı yerlərinin bir-biriləri arasında məqsədli təyinatının
dəyişdirilməsinin Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla
həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, dövlət torpaq
kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq
dəyişikliklər edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında
Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş göndərilməsi öhdəliyi
qoyulmuşdur. Örüş, otlaq və biçənək kənd təsərrüfatı yerlərindən
daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin
yaxşılaşdırılmasına zəmin yaratmaqla torpaqların münbitlik
göstəriciləri, əkinəyararlılıq vəziyyəti nəzərə alınmaqla və
heyvandarlığın inkişafına təsiri öyrənilməklə onların əkin və
çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə
dəyişdirilməsinin isə Nazirlər Kabineti tərəfindən həyata
keçirilməsi nəzərdə tutulmuşdur.
Qərarla işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd
təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya
daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid
edilməsi, həmin kateqoriya daxilində torpaq sahələrinin məqsədli
təyinatının dəyişdirilməsi, vəsatətlərə baxılmasından imtina
edilməsi və məsələ ilə bağlı qəbul edilmiş qərarın aidiyyəti üzrə
göndərilməsi mexanizmi müəyyən edilmişdir.