...

“Azərpoçt” MMC beynəlxalq təcrübəyə tam adaptasiya mərhələsindədir - Sədr

İqtisadiyyat Materials 25 Yanvar 2023 13:37 (UTC +04:00)
“Azərpoçt” MMC beynəlxalq təcrübəyə tam adaptasiya mərhələsindədir - Sədr

Bakı. Trend:

Hazırda “Azərpoçt” universal poçt və maliyyə xidmətləri ilə yanaşı, həm də bir neçə müxtəlif istiqamətlə məşğul olur.

Bu barədə Trend-ə “Azərpoçt” MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilov deyib.

Sədr yeni istiqamətlərdən birinin logistika olduğunu qeyd edib.

“Pandemiya şəraitində yaranmış tələbatı təhlil edərək qərara gəldik ki, Bakıdan bölgələrə birbaşa daşınmalara köməklik göstərmək lazımdır. Bu periodda istər sahibkarlar, xüsusən də ölkənin iri ticarət mərkəzlərində çalışanlar, istərsə də bölgələrin sakinləri əziyyət çəkdilər. Bu problemin həlli olaraq biz ölkədə onlayn alışları dəstəkləmək üçün öz çatdırılma xidmətimizi yaratdıq və bu gün yüksək nəticələr əldə edirik”, - Ə.Cəlilov deyib.

O qeyd edib ki, bu istiqamətin effektivliyini müəyyən etmək üçün “Azərpoçt” MMC təhlil aparıb.

“Təhlilimiz, əsasən, bizim spesifikamızı nəzərə almaqla poçt şirkətlərinin beynəlxalq təcrübəsini öyrənməyə əsaslanıb. 2022-ci ildə cəlb edilmiş konsultantlarla birgə aparılmış işin nəticələrinə əsasən, Müşahidə Şurası tərəfindən poçtun strategiyası qəbul edilərək təsdiqlənib. Sonrakı addım artıq strategiya müəyyən olunandan sonra real əməliyyat planına, yəni icra mərhələsinə keçməlidir. Bundan başqa, bir sıra icra təşəbbüsləri, məsələn “Postcargo” və daxili daşınmalar çərçivəsində liderlik kimi təşəbbüslər artıq başladılıb. Qeyd etmək lazımdır ki, əvvəllər təşkilat öz geniş şəbəkəsindən effektiv istifadə etmirdi və bu gün biz ondan daha səmərəli istifadə etməyə çalışırıq”, - o deyib.

Sədrin sözlərinə görə, Azərbaycanın bütün biznesinin mərkəzi olan Bakıdan mütəmadi olaraq bölgələrə iri həcmdə daşınmalar həyata keçirilir.
“Regional şəbəkəmiz olduğundan və biz Ümumdünya Poçt Təşkilatının (ÜPT) tələblərinə əsasən mütəmadi daşınmalar həyata keçirən milli poçt operatoru olduğumuzdan, təbii olaraq, sual yarandı ki, əgər biz onsuz da bununla məşğul oluruqsa, niyə də eyni zamanda öz mallarını, yüklərini, toplu poçt göndərişlərini bu marşrutlarla göndərməli olan şirkətlərə köməklik göstərməyək?! Nəticədə “Azərpoçt” iqtisadi nöqteyi-nəzərdən şirkətlərə dəstək, köməklik göstərməyi qərara aldı, çünki bu xidmətlər üçün onlar müvafiq personal cəlb etməli, avtomobil və s. almalı idilər”, - sədr əlavə edib.

O qeyd edib ki, ümumilikdə, dünyada logistika və distribusiya ayrıca fəaliyyət növüdür və bazarda bir çox şirkət bu xidmətləri kənardan alır.
“Bu səbəbdən biz bu xidməti təklif etməyə başladıq və bu gün əminliklə deyə bilərik ki, məhz Azərbaycanın bölgələrinə çatdırılmalar üzrə bizim xidmətlərimizdən istifadə edən korporativ müştərilərdən ibarət böyük bazamız formalaşıb. Düşünürəm ki, 2023-cü ildə bu, Azərbaycan poçtu üçün qabaqcıl təşəbbüslərdən biri olacaq və mən əminəm ki, bu, bölgələrə öz mallarının aktiv satışı ilə məşğul olan bir çox iqtisadi fəaliyyət subyekti üçün iqtisadi cəhətdən sərfəli olacaq”, - Cəlilov vurğulayıb.

Onun sözlərinə görə, digər istiqamət, həmçinin, beynəlxalq təcrübəyə əsaslanan “Pərakəndə satış”dır.

“Sahibkarlar bizneslərinin inkişafı üçün öz məhsul və xidmətlərini bizim 1400-dən artıq şöbədən ibarət geniş şəbəkəmiz vasitəsilə bütün ölkə ərazisində vətəndaşlara çatdıra bilərlər”, - o əlavə edib.

Onlayn ödənişlərə toxunan sədr 2022-ci ilin sonuna qədər “Azərpoçt” MMC-nin şöbələrində universal poçt xidmətlərinə görə nağdsız ödənişlərin məhdud olduğunu qeyd edib.

“Ödəniş yalnız ya "Mastercard" vasitəsilə, ya da nağd yolla mümkün idi. Lakin biz artıq "VISA" beynəlxalq ödəniş sisteminə qoşulmuşuq və yaxın gələcəkdə artıq bütün poçt xidmətlərinə görə nağdsız ödənişlər POS-terminallara tələbat olan bütün yerlərdə mümkün olacaq ki, bu da öz növbəsində şəffaflığı təmin edəcək”, - Cəlilov deyib.

Bundan başqa, o, “Azəpoçt”un hazırda Yelo Bank ilə əməkdaşlıq qurduğunu vurğulayıb.

“İstər bu bankın kart sahibləri, istərsə də bizim əməkhaqqı layihəmizdə iştirak edən müştərilər Yelo Bank bankomatlar şəbəkəsində komissiyasız pul nağdlaşdırması həyata keçirə bilərlər. Qeyd etmək lazımdır ki, biz bu partnyorluq şəbəkəsinin gələcəkdə genişləndirilməsində maraqlıyıq. Bundan başqa, hazırda “Azərpoçt” bankomatların sayına görə öndə gedən maliyyə təşkilatlarının siyahısına daxildir”, - sədr əlavə edib.

Onun sözlərinə görə, bütünlükdə, beynəlxalq tendensiyaların təhlili aparılsa, əminliklə demək olar ki, müasir reallıqda klassik poçtun həcmi azalmaqdadır.

“Məhz C2C poçt göndərişləri, korrespondensiya zərurəti rəqəmsallaşma ilə əlaqədar olaraq azalıb. Lakin prinsipcə bütün poçt operatorlarının ciddi iş gördüyü digər bazar yaranmaqdadır – bu elektron kommersiya bazarıdır. Həqiqətən də bu təşəbbüs əvvəlki ilə (bölgələrə aktiv çatdırılma) sıx üst-üstə düşür, yəni elektron kommersiya təkcə Bakıda cəmləşməyəcək. Çünki Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çərçivəsində bütün ölkə boyu genişzolaqlı internetin təmin olunması üzrə irihəcmli iş görülür və mən deyərdim ki, bu iş yüksək templə davam edir. Bölgələrdə əhalinin internetə çıxışının artırılması nəticəsində təbii olaraq bundan istər təhsil məqsədləri ilə, istərsə də elektron kommersiya mallarının sifarişi üçün istifadə ediləcək ki, bu da öz növbəsində bizim üçün potensial bazarı aşkar edir və qeyd etmək lazımdır ki, bu bazarda biz artıq fiziki olaraq varıq”, - o əlavə edib.

Cəlilov, həmçinin, elektron kommersiya məhsullarının bölgələrimizə daha asan çatdırılmasının da təşkilinin bu il üçün əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, son illər demək olar ki, hər il zərərlə fəaliyyətini başa vuran “Azərpoçt” 2022-ci ili şirkətdaxili hesablamalara görə 4.4 milyon manat məfəətlə başa vurub.

“Əminliklə demək olar ki, bu gün “Azərpoçt” MMC beynəlxalq təcrübəyə adaptasiya mərhələsində olan poçt operatorudur”, - sədr yekun olaraq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti