Zəngilan. Trend:
110,4 km uzunluğa malik Horadiz - Ağbənd dəmir yolunda Azərbaycanın ən uzun dəmiryol körpülərindən birinin inşası başa çatır.
Bu barədə bu gün Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət şöbəsinin rəisi Tural Abbaslı Horadiz-Ağbənd dəmir yolunun tikintisinə həsr olunmuş mediaturda deyib.
Onun sözlərinə görə, körpü Həkəri çayının üzərində, yolun 64,5 kilometrliyindədir.
"Onun uzunluğu 418 metr təşkil edəcək və bu, Azərbaycanın ən uzun dəmiryol körpülərindən biri olacaq", - T.Abbaslı deyib.
Qeyd edək ki, bu dəmir yolunun tikintisi 13 mart 2021-ci il tarixində başladılıb. Onun uzunluğu 110,4 km təşkil edir. Layihəyə əsasən, doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.