...

KOBİA və bp KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək göstərir (FOTO)

İqtisadiyyat Materials 31 May 2023 15:14 (UTC +04:00)
KOBİA və bp KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək göstərir (FOTO)

Bakı. Trend:

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində KOB-lar üçün ayrılmış xüsusi stenddə neft-qaz şirkətləri KOB-ların məhsul və xidmətləri ilə tanış ola, əməkdaşlıq üçün görüşlər keçirə bilərlər

Mayın 31-də Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) öz işinə başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və bp şirkətinin birgə dəstəyi ilə sərgidə KOB-lar üçün xüsusi stend qurulub. Burada əsas məqsəd sərgi çərçivəsində yerli KOB-ları neft-qaz şirkətləri ilə əlaqələndirmək və görüşlərini təşkil etməklə tərəflər arasında əməkdaşlığın qurulmasına töhfə vermək, KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirindəki rolunu artırmaqdır. KOB-lar üçün ayrılmış stenddə neft tullantılarının təkrar emalı, inşaat, işçi geyimlərinin istehsalı, təhlükəsizlik vasitələri ilə təchizat, təmizlik vasitələrinin, sənaye avadanlıqlarının və ehtiyat hissələrin satışı, müxtəlif avadanlıqların təmiri, metal konstruksiyaların hazırlanması, texniki xidmət və s. sahələrdə fəaliyyət göstərən 10 şirkət məhsul və xidmətlərini təqdim edir.

Qeyd olunan sahələrdə KOB-ların göstərdiyi xidmət və məhsullardan istifadə etmək, təchizat zəncirində KOB-larla əməkdaşlığa yer vermək istəyən neft-qaz şirkətləri KOBİA və bp-nin birgə stendinə yaxınlaşmaqla yerli KOB-larla görüşlər keçirə, əməkdaşlıq imkanlarını müzakirə edə bilərlər.

Qeyd edək ki, “Caspian Oil and Gas” sərgisi iyunun 2-dək davam edəcək. Sərgidə neft, qaz və energetika sahəsinin aparıcı şirkətləri tərəfindən neft və qaz avadanlıqları, neft-qaz yataqlarının işlənməsi xidmətləri, enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemləri, neft-kimya məhsulları, texniki xidmət, təhlükəsizlik sahələrində innovativ texnologiyalar və s. məhsul və xidmətlər nümayiş olunur. Sərgi çərçivəsində həmçinin iyunun 1-də, saat 11.00-da Bakı Ekspo Mərkəzində “Kiçik və orta biznesin neft və qaz şirkətlərini təmin etməsi imkanları” mövzusunda panel müzakirə təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti