Bakı. Trend:
Horadiz - Ağbənd dəmiryolu layihəsi çərçivəsində 40-dan çox körpü və 330-ə yaxın mühəndislik qurğusunun tikintisi nəzərdə tutlub.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov deyib.
O bildirib ki, Horadiz-Ağbənd dəmiryolunun Həkəri çayının üzərindən keçən hissəsində regiondakı ən uzun dəmiryolu körpüsü inşa edilir.
"Bu körpü 771 metr uzunluqda və 23 aşırımdan ibarətdir. Texniki cəhətdən çətin və mürəkkəb relyef şəraitində inşa edilməsinə baxmayaraq, körpü tamamilə yerli mühəndislər tərəfindən layihələndirilib və tikinti işləri yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur.
Bu, ölkəmizin mühəndislik potensialının nə qədər yüksək olduğunu və yerli kadrların mürəkkəb infrastruktur layihələrində nə dərəcədə peşəkar olduğunu göstərir", - deyə o qeyd edib.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmiryolu layihəsinin 2025-ci ildə tamamlanması planlaşdırılır.