...

“Yaşıl” maliyyə taksonomiyası Azərbaycan hökumətinin təsdiqinə təqdim ediləcək -Mərkəzi Bank

İqtisadiyyat Materials 18 Oktyabr 2024 10:11 (UTC +04:00)
“Yaşıl” maliyyə taksonomiyası Azərbaycan hökumətinin təsdiqinə təqdim ediləcək -Mərkəzi Bank
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti mərhələdə "yaşıl" maliyyə taksonomiyanın yekun layihəsi təsdiq üçün Azərbaycan hökumətinə təqdim edilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda "Yaşıl maliyyə və dayanıqlı inkişaf" mövzusunda keçirilən forumda bildirib.

Onun sözlərinə görə, 2023-2026-cı illər üçün davamlı maliyyələşdirmə üzrə "Yol xəritəsi" hazırlanıb və bu, maliyyə sektorunun davamlı iqtisadi inkişafın təmin edilməsindəki rolunun gücləndirilməsinə yönəldilib.

"Yol xəritəsi" çərçivəsində biz "yaşıl" maliyyələşdirmə taksonomiyasının hazırlanması kimi ən mühüm təşəbbüslərdən birinə başladıq. Mərkəzi Bank dövlət qurumları, sahə assosiasiyaları, maliyyə institutları, investorlar və beynəlxalq təşkilatlarla birgə taksonomiyanın ilkin versiyasına dair məsləhətləşmələr apardı. Növbəti mərhələdə taksonomiyanın son layihəsinin hökumətə təsdiq üçün təqdim olunması planlaşdırılır", - o bildirib.

Bundan əvvəl COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, hazırlanan taksonomiya sayəsində ölkədə iqtisadi fəaliyyət "yaşıl" standartlar əsasında təsnif ediləcək və bu da müəssisələrin davamlı və ekoloji təmiz investisiyalar üçün daha çox dəstək almasına imkan verəcək.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyaları tərəfindən BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsünün mühüm tədbirlərindən olan “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirilib.

Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadi artımı təşviq etmək üçün yaşıl maliyyənin əhəmiyyəti müzakirə olunub.

Bu tədbir Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a hazırlıq prosesinin mühüm bir mərhələsi kimi qeyd edilib və ölkənin yaşıl maliyyəni qlobal iqlim səylərinin mərkəzinə yerləşdirmək öhdəliyinin möhkəmlənməsinə xidmət edib.

Xəbər lenti

Xəbər lenti