...

TDT çərçivəsində rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq böyük potensiala malikdir - Qazaxıstanlı analitik

İqtisadiyyat Materials 6 Noyabr 2024 14:35 (UTC +04:00)
TDT çərçivəsində rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq böyük potensiala  malikdir - Qazaxıstanlı analitik
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlıq böyük nailiyyətlərə imza atıb, lakin bu əlaqələrin daha da genişləndirilməsinə ehtiyac var.

Bunu Trend-ə müsahibəsində Qazaxıstan İctimai İnkişaf İnstitutunun eksperti Damir Belqibayev bildirib.

O qeyd edib ki, bu gün TDT-yə üzv ölkələrin regionlarında dünya əhalisinin 2 faizi, yəni 160 milyon nəfər yaşayır. Bu ölkələrdə demoqrafik dinamika artmaqda davam edir və müasir şəhərlər (Bakı, Astana, Ankara, Daşkənd) sürətlə inkişaf edərək diqqəti cəlb edir.

Ekspert əlavə edib ki, bu region “dünya gücləri və beynəlxalq ticarətçilər üçün yeni ticarət yolu”na çevrilib. Müvafiq olaraq, ölkələr arasında iqtisadi, mədəni və siyasi əlaqələr daha da möhkəmlənir.

Ötən dövr ərzində Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və təşkilatın strukturu və strateji hədəfləri daha da dəqiqləşdi.

D.Belqibayev qeyd edib ki, dövlətlərarası siyasi əməkdaşlıq regional təhlükəsizliyi və sabitliyi təmin etməyə yönəlib, mədəniyyət və təhsil sahəsində birgə layihələr isə türk xalqlarının ortaq mədəni və tarixi irsinin yenidən dirçəlməsinə töhfə verir.

Ekspert qeyd edib ki, əməkdaşlığın genişləndirilməsi üçün ən böyük perspektivlər energetika, nəqliyyat-logistika və rəqəmsal iqtisadiyyat kimi sahələrdə mövcuddur.

“Türk ölkələri təbii sərvətlərlə zəngin olan və bu resursları dünya bazarlarına çıxarmaq üçün yollar axtaran dövlətlərdir”, - o vurğulayıb.

“Xüsusən Azərbaycan və Qazaxıstan kimi ölkələr üçün Mərkəzi Asiya və Xəzər regionundan keçən tranzit yollarının inkişafı önəmlidir. Eyni zamanda, TDT ölkələri üçün ticarət-nəqliyyat dəhlizlərinin genişləndirilməsi iqtisadi əlaqələri gücləndirir və regionun beynəlxalq ticarətdə rolunu artırır.

Rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq da böyük potensiala malikdir, çünki bu sahə gələcəkdə ölkələrin rəqabət qabiliyyətinin artırılmasında əsas rol oynayır”, - analitik əlavə edib.

O qeyd edib ki, Bişkekdə keçirilən TDT sammiti böyük əhəmiyyət daşıyır, çünki bu, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş qərarların müzakirəsi üçün mühüm platformadır.

Damir Belqibayev bildirib ki, sammitdə birgə layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi, infrastrukturun inkişafı və nəqliyyat dəhlizlərinin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

O əlavə edib ki, bu sammit TDT-yə üzv dövlətlər arasında sabit əlaqələrin və qarşılıqlı etimadın gücləndirilməsinə kömək edəcək. Regiondakı geosiyasi vəziyyəti nəzərə alaraq, belə sammitlər əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək və ümumi təhlükəsizlik məsələlərini həll etməkdə mühüm rol oynayır.

İqtisadi məsələlər də Bişkek sammitinin əsas mövzularından biridir.

O qeyd edib ki, iqtisadi şəraitdə TDT ölkələrinin əsas ticarət tərəfdaşı Çin olub.

“Hazırda Çin Türkiyə ilə 30 milyard dollardan çox, Qazaxıstanla 32 milyard dollar, Özbəkistanla 14 milyard dollar, Qırğızıstanla 3 milyard dollar, Azərbaycanla isə təxminən 3 milyard dollar həcmində ticarət aparır. Bundan əlavə, "Bir kəmər – bir yol" layihəsi çərçivəsində Çin TDT-yə üzv olan bir neçə ölkənin infrastrukturunun inkişafında fəal iştirak edir”, - Damir Belqibayev deyib.

Analitikin fikrincə, geosiyasi vəziyyət TDT ölkələri üçün bir sıra çağırışlar yaradır.

Ekspert bildirib ki, regiondakı qeyri-sabitlik, münaqişələr və sanksiyalar ölkələr arasında ticari-iqtisadi əlaqələri məhdudlaşdırır.

“Sammit bu çətinliklərin aradan qaldırılması üçün həll yollarının hazırlanması üçün platforma ola bilər. Məsələn, TDT ölkələri arasında qarşılıqlı ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı və yeni bazarlara çıxış xarici tərəflərdən asılılığın azaldılması üçün vacib addımlar ola bilər. Təhlükəsizlik siyasətinin yaradılması və birgə layihələrin həyata keçirilməsi regionda sabitliyin təmin olunmasına kömək edəcək”, –analitik əlavə edib.

Xəbər lenti

Xəbər lenti