Bakı. Trend:
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində lider banklardan biri olan TuranBank, nüfuzlu Enabling Qapital şirkətinin vasitəçiliyi ilə EMF Mikromaliyyə Fondu ilə yerli valyutada yeni kredit müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank üçün 3 illik müddətə 5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait Bankın rəqabət qabiliyyətinin və maliyyə inklüzivliyinin artırılması istiqamətində olan strateji hədəflərinə uyğun olaraq kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.
“Ölkəmizin, xüsusilə regionlarda dayanıqlı iqtisadi artımın təmin edilməsi istiqamətində Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin formalaşması və inkişafı üzrə maliyyə dəstəyinin artırılması zəruridir və bu sahənin maliyyələşdirilməsi istiqamətində Avropanın nüfuzlu EMF fondu ilə imzaladığımız kredit müqaviləsini məqsədyönlü fəaliyyətin nəticəsi hesab edirik. Cəlb edilən vəsaitin kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcəyinə əminik.”- deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Məlumat üçün qeyd edək ki, yarandığı tarixdən etibarən 32 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.