...

Bakıda III dəfə “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilib (FOTO)

İqtisadiyyat Materials 1 Mart 2025 10:06 (UTC +04:00)
Bakıda III dəfə “Vergi və Mühasibatlıq Zirvəsi” keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda III dəfə “Vergi və Mühasibatlıq Zirvəsi” tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarəsinin rəisi Nicat İmanov, "AzInTelecom"un Məhsul və Xidmətlər şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli, eləcə də, digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Tədbirə mühasiblər, maliyyəçi, vergi mütəxəssisi, sahibkar və digər bu sahədə maraqlı şəxslər də qatılıblar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarəsinin rəisi Nicat İmanov tədbirdə çıxış edərək bildirib ki, son 6 ildə qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsi 82% artıb.

"Ötən illər ərzində Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatda şəffaflığın təmin edilməsi üçün bir sıra mühüm addımlar atıb. İqtisadiyyatın məhz qeyri-neft sektorunun inkişafı və şəffalaşması istiqamətində aparılmış islahatlar müsbət nəticə verib", - N.İmanov qeyd edib.

O bildirib ki, şəffalaşma sahəsində əsas indikator kimi son 6 ildə aparılan islahatların nəticəsi olaraq qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsinin artmasını göstərmək olar:

"Son 6 ildə əmək müqavilələrinin sayında 82% artım olub. Bu dövr ərzində özəl sektorda əməkhaqqı fondu 2,7 dəfə artıb. Bu islahatların həyata keçirilməsində əsas məqsəd həm şəffalaşmanı təmin etmək, qeyri-leqal əmək münasibətlərini leqal müstəviyə daşımaq, yeni iş yerlərinin yaradılması, eyni zamanda dövlət büdcəsindən transportların həcminin azaldılması idi".

Dövlət İmtahan Mərkəzinin (DİM) PHŞ PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla bildirib ki, ölkəmizdə fəaliyyət göstərən müəssisə və təşkilatların əksəriyyətində mühasibat uçotunun səviyyəsi qənaətbəxş deyil.

O bildirib ki, bunun əsas səbəbləri maliyyə savadlılığının yetərincə olmaması, insan resurslarının idarəetmə sistemində lazımi keyfiyyətin olmamasıdır:

"Həmçinin, bu sahəni tənzimləyən qanun, qayda və mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Bu məsələnin həll olunması üçün ilk növbədə maliyyə savadlılığını artırmaq və uyğun insan resurslarının idarəetmə sisteminə axın etmək lazımdır. Maliyyə savadlılığının artırmaq üçün isə biz ilk növbədə bilməliyik ki, hansı bilgilərimiz zəifdir, hansı istiqamətdə özümüzü təkmilləşdirməyə ehtiyac vardır.

Bu istiqamətdə peşəkar mühasib sertifikatı imtahanları olduqca əhəmiyyətlidir. Bu imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi də şəffaflığın təmin olunması üçün əhəmiyyətlidir".

"Bu günə qədər bu istiqamət üzrə imtahanlarda 6 710 nəfər imtahanların birinci mərhələsində, 6 845 nəfər isə ikinci mərhələsində iştirak edib. Təkcə 2024-cü ildə bu imtahanların birinci mərhələsində 3950 nəfər, 3846 nəfər isə imtahanın ikinci mərhələsində iştirak edib. Bu da əvvəlki 3 ildə imtahan iştirakçıları sayının təxminən yarısı deməkdir", - deyə F.Abdulla əlavə edib.

Xəbər lenti

Xəbər lenti