Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Emissiya prospektlərində ən çox yol verilən xətalar” mövzusunda təqdimat keçirilib.
Trend-ə bu barədə AMB-dən məlumat verilib.
.bildirilib ki, ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçən tədbirdə emissiya prospektlərində ən çox rast gəlinən nöqsanlar və onların praktiki nümunələri, normativ hüquqi aktların tələbləri baxımından bu nöqsanların təhlili üzrə mühüm məlumatlar, həmçinin emissiya sənədlərinin düzgün və tam şəkildə hazırlanması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb.
Tədbirin keçirilməsinin məqsədi emissiya prospektlərinin keyfiyyətinin artırılması, buraxılış prosesinin daha səmərəli və şəffaf şəkildə təşkili, eləcə də emitentlər və investisiya şirkətlərinin məlumatlılığının artırılması olub. Təqdimatda praktiki yanaşmalar əstrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
"Mərkəzi Bank tərəfindən bu kimi maarifləndirici tədbirlərin təşkili emissiya ilə bağlı proseslərin effektiv kommunikasiyasına, eləcə də yeni emitentlərin kapital bazarına cəlb olunmasına xidmət edir. Mərkəzi Bank qiymətli kağızların buraxılışının təkmilləşdirilməsi və normativ uyğunluğun təmin olunması istiqamətində maarifləndirmə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəkdir", - deyə məlumatda qeyd edilib.