Bakı. Trend:
Ümumdünya Poçt İttifaqı (ÜPİ) inkişaf etməkdə olan ölkələrdə rəqəmsal keçidin həyata keçirilməsinə hərtərəfli dəstək göstərir.
Trend xəbər verir ki, bu barədə ÜPİ-nin İnkişaf və əməkdaşlıq üzrə direktoru Mutua Muthusi Bakıda keçirilən Avropa və MDB ölkələrinin poçt liderlərinin I Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Bizim əsas missiyamız – xidmətləri hələlik müəyyən edilmiş standartlara cavab verməyən ölkələrə və poçt idarələrinə həmin səviyyəyə çatmaqda yardım etməkdir. Bu, nəticə etibarilə beynəlxalq poçt şəbəkəsinin güclənməsinə xidmət edir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ümumdünya Poçt İttifaqı müxtəlif formalarda - texniki avadanlıqların təmin edilməsindən tutmuş insan resurslarının inkişaf etdirilməsinə qədər - dəstək göstərir.
“Biz yüksək səviyyəli təlim tədbirləri təşkil edirik, məhz bu forum da belə təşəbbüslərdən biridir. Bu yalnız mütəxəssislərin bilik və bacarıqlarını artırmaqla kifayətlənmir, eyni zamanda, poçt sahəsinin rəhbərləri arasında bilik və təcrübə mübadiləsi üçün platforma yaradır”, – deyə o əlavə edib.
Mutua Muthusi belə forumların dünyada davamlı və texnoloji baxımdan inkişaf etmiş poçt sistemlərinin formalaşmasına mühüm töhfə verdiyinə əminliyini ifadə edib.