Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 756,4 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 108,3 milyon ABŞ dolları və ya 16,7% çoxdur.
Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı ölkənin ümumi idxalının 9,30%-ni təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.
Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.