Bakı. Trend:
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanda Sənaye üzrə Milli Rəqəmsal Əkiz və Simulyasiya Proqramın işə salınmasını tövsiyə edir.
Trend bu barədə AmCham-a istinadən xəbər verir.
Qeyd olunur ki, Azərbaycanın neft-qaz, nəqliyyat, kommunal və şəhər infrastrukturu sahələri hələ də fiziki baxışlara, reaktiv təmirə və statik planlaşdırma modellərinə əsaslanır. Bu isə, yüksək xərc yaradan dayanmalara, təhlükəsizlik risklərinə və məhdud situativ məlumatlılığa səbəb olur.
“Dünyada “rəqəmsal əkiz” və metaverse əsaslı sənaye simulyasiyaları aktivlərin idarə olunmasını və kadr hazırlığını köklü şəkildə dəyişir. Lakin Azərbaycanda bu sahədə rəqəmsal modelləşdirmə bacarıqları, 3D məlumat infrastrukturu və investisiya gəlirliliyini (ROI) nümayiş etdirən strateji pilot layihələr çatışmır”,- hesabatda bildirilir.
Hesabata əsasən, Sənaye üzrə Milli Rəqəmsal Əkiz və Simulyasiya Proqram işə salınmalıdır.
“İlkin pilot layihələr neft-qaz hasilatı sahələri, liman və boru kəmərləri infrastrukturu, su və elektrik şəbəkələri, ağıllı kommunal xidmət sistemləri, ağıllı şəhər planlaşdırılması kimi yüksək təsirli sahələrdə həyata keçirilməlidir”,- hesabatda qeyd olunur
Həmçinin ilkin pilot layihələr üçün aparıcı texnologiya şirkətləri ilə əməkdaşlığın qurulmasının vacibliyi vurğulanır.
“Sənaye məlumat modelləşdirməsi və 3D simulyasiya üzrə milli standartlar hazırlanmalıdır. Texniki universitetlərdə rəqəmsal əkiz laboratoriyası yaradılmalı, həmçinin mühəndis və planlaşdırıcıların təlimi təmin edilməlidir. Bununla yanaşı, infrastruktur layihələri üzrə dövlət tenderlərinə rəqəmsal əkiz tələbləri daxil edilməlidir”, - AmCham-ın hesabatında bildirilir.
