Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına səfər edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumat verilib ki, indiyədək Ağdam Sənaye Parkında 32 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun 62,3 milyon manatlıq hissəsi ixrac olub.
BVF-in nümayəndələri Ağdam Sənaye Parkının rezidentlərindən olan “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin iş prosesi ilə tanış olublar.
Qeyd edək ki, 2025-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında “Tabaterra” MMC-yə məxsus tütün məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.
