Bakı. Trend:
"AmCham Azerbaijan” 30 il ərzində tək Amerika şirkətlərinin deyil, demək olar ki, xarici investisiyaların 80%-ni təmsil edən bir quruma çevrilib.
Bunu Trend-ə müsahibəsində Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) prezidenti Dəyanət Sədullayev bildirib.
Onun sözlərinə görə, palata eyni zamanda ölkənin ən iri yerli şirkətlərini də öz ətrafında birləşdirir.
“Palatanın əsas məqsədi üzvlərinin maraqlarını qorumaq, onlar arasında əməkdaşlığı, bilik və təcrübə mübadiləsini təşviq etməkdir. Biz üzvlərimiz üçün illik, rüblük sorğular, eləcə də əməkhaqqı sorğuları, mütəmadi görüşlər və müxtəlif resurs imkanları yaradırıq. Bu mexanizmlər şirkətlərin inkişafına real töhfə verir”, – deyə D.Sədullayev qeyd edib.
O bildirib ki, “AmCham Azerbaijan” dövlət qurumları ilə biznes subyektləri, xüsusilə də kiçik və orta şirkətlər arasında dialoq platforması rolunu oynayır. Bu dialoq açıq görüşlər, mövqe sənədləri və "ağ sənədlər" vasitəsilə qurulur.
“Biz mütəmadi olaraq dövlət qurumlarının nümayəndələrini, nazirləri və məsul şəxsləri aylıq görüşlərimizə dəvət edirik. Eyni zamanda mövqe sənədləri və "ağ sənədlər" hazırlayaraq dövlətlə açıq və konstruktiv dialoqun qurulmasına töhfə veririk. Əlbəttə, bunlar özlüyündə şirkətlərin və onların bizneslərinin inkişafı üçün böyük imkanlar yaradır. Dediyim kimi, ilk olaraq bilik paylaşımlarına yol açırıq, ölkəyə gələn, investisiya yatırmaq istəyən böyük şirkətlərin palatamız tərəfindən təmsil olunması, bizim palatada özlərini təmsil etmələri, yerli şirkətlərin də onlardan yeni biliklər öyrənməsi, onlarla iş birlikləri, işgüzar mühit və münasibətlərin qurmalarında kömək göstəririk. Bu, biznes mühitinin inkişafı üçün mühüm imkanlar yaradır”, – deyə o vurğulayıb.
Palata daxilində strukturlaşmış komitə və işçi qruplarının fəaliyyət göstərdiyini deyən D.Sədullayevin sözlərinə görə, hazırda “AmCham Azerbaijan”da 11 komitə və 3 işgüzar qrup mövcuddur. Bu strukturlar vergi, gömrük, bankçılıq və digər sahələri əhatə edir.
“Bizim palatanın 11 komitəsi var və onlar sənayelər üzrə bölünüblər. Bunlar vergidən tutmuş gömrük, bankçılıq və digər sahələri əhatə edən komitələrdən ibarətdir. Həmçinin 3 işgüzar qrupumuz var ki, bu qruplar da komitənin yaranmasından öncə ilkin mərhələdir. Yəni işgüzar qrup uğurlu olsa, komitə formasına çevrilir. Bu komitələr üzvlərimizin oxşar problemləri, oxşar maraqları üzərində cəmlənən müzakirələrin aparılmasına, hər hansı bir nou-haunun (know-how) paylaşılmasına, birlikdə səslərinin eşidilməsinə imkan yaradır.
"AmCham Azerbaijan”ın qərarvermə sistemi, ümumiyyətlə işləməsi çoxpilləli bir sistemdən ibarətdir. Bu, uzun müddətdir qurulmuş və uğurlu fəaliyyət göstərən çoxpilləli sistemdir. Qərarvermələr adətən komitələrdə başlayır, həmin komitələrdə müxtəlif mövzular müzakirə olunur. Daha sonra həmin mövzular üzərində fikir bölgüsü aparılır, müəyyən bir ortaq nəticəyə gəlinir. Komitələrdən sonrakı məsələlər artıq idarə heyəti üzvlərinə çıxır və idarə heyəti üzvləri tərəfindən müzakirə olunur. Bundan sonra isə demokratik səs çoxluğu ilə bu qərarvermənin təsdiq və ya təsdiq olunmaması prosesi başlayır”, – deyə o əlavə edib.
"AmCham Azerbaijan”ın prezidenti bildirib ki, palatanın qərarvermə mexanizmi çoxpilləli və demokratik prinsiplər üzərində qurulub: “İdarə heyətinin üzvləri 10 nəfərdən ibarətdir. Onlar palata üzvlərindən seçilən şəxslərdir. İdarə heyətində təsdiq olunan məsələlər sırf səs çoxluğu ilə təsdiqlənir və adətən də bu, heç bir subyektiv mövqedən ibarət olmur. Bu, əsasən assosiasiyanın ümumi mövqeyini ifadə edən qərarlar olur.
Bəzən palata tərəfindən irəli sürülən təkliflər mənim şəxsi baxışımdan fərqlənə bilər və ya marağımla ziddiyyət təşkil edə bilər. Belə məsələlər də olur. Qeyd etdiyim kimi, bizim qərarvermə prosesimiz - son qərarın təsdiqlənməsi idarə heyətində olur. İdarə heyətində 10 şirkəti təmsil edən 10 nəfər var. Hər şəxsin, şirkətin bir biznes və ya subyektiv marağı var. Amma qərarvermə səs çoxluğu ilə keçirildiyi üçün burada əlbəttə ki, hər hansı bir şəxs və ya şirkətin maraqlarına zidd də qərarlar verilə bilir. Yəni mənim bunları dayandırmaq, mane olmaq kimi bir imkanım da yoxdur. Bu da "AmCham Azerbaijan”ın gücünü, etibarlılığını, şəffaflığını göstərir. Bu səbəbdən bizim 270-ə yaxın üzvümüz var. Bu səbəbdən biz sevilirik, dəstəklənirik. Çünki qərarvermə prosesi demokratik keçirilir və heç kimin şəxsi mövqeyini əks etdirmir, ümumi assosiasiya üzvlərinin dərdini təmsil edən bir mövqe ortaya çıxır”, – deyə D.Sədullayev vurğulayıb.
D.Sədullayev bildirib ki, palata 2005-ci ildən etibarən hər iki ildən bir “ağ sənəd” hazırlayır: “2025-ci il üçün hazırlanan ağ sənəd artıq doqquzuncudur. 2023-cü il "ağ sənəd"ində yer alan təkliflərin təxminən 30%-nin icra olunması bizim üçün ciddi uğur göstəricisidir”.
O qeyd edib ki, bu sənədlər çərçivəsində vergi prosedurlarının sadələşdirilməsi, investisiya xidmətlərinin hüquqi tənzimlənməsi, ezamiyyə xərcləri normalarının yenilənməsi, elektron ədliyyə sisteminin genişləndirilməsi, ixtisaslaşdırılmış məhkəmələrin yaradılması və viza prosedurlarının sadələşdirilməsi kimi mühüm dəyişikliklər həyata keçirilib.
“Bu faktlar onu göstərir ki, dövlət qurumları ilə açıq və şəffaf kommunikasiya real nəticələr verir. Biz bu əməkdaşlığa görə dövlət nümayəndələrinə təşəkkür edirik”, – deyə o bildirib.
Palata prezidenti qeyd edib ki, “AmCham Azerbaijan” 2026-cı ildə də fəaliyyətini eyni prinsiplərlə davam etdirməyi, dövlət-biznes dialoqunu daha da dərinləşdirməyi planlaşdırır.
“Komitə sədrlərinin yenilənməsi, dəyişdirilməsi, gücləndirilməsinin üzərində ciddi iş aparırıq ki, “AmCham Azerbaijan” hər hansı bir subyektiv səbəblərdən asılı olmayaraq və yaxud siyasi vəziyyətdən, konyunkturdan asılı olmayaraq öz fəaliyyətini davam etdirə bilsin. Çünki bizim yeganə resursumuz üzvlərimizdir. Biz üzvlərimizi təmsil etməyə, onların maraqlarını maksimum qorumağa, onların bizneslərini inkişaf etdirməyə, yeni biliklərə, yeni biznes praktikalarına əlçatanlığını artırmağa çalışırıq. Yəni 2026-cı il ərzində sadaladığım məsələləri inkişaf etdirməyi düşünürük”, – deyə D.Sədullayev vurğulayıb.
O əlavə edib ki, “AmCham Azerbaijan”a üzvlük şərtləri açıq və sadədir: “AmCham Azerbaijan”a üzv olmaq üçün şərtlər kifayət qədər asandır və buna onlayn şəkildə baxıla bilər. Amcham.az vebsaytına daxil olduqda orada "üzv ol" hissəsini seçməklə tələblərlə açıq şəkildə tanış olmaq mümkündür. İlkin olaraq üzv olmaq istəyən şirkətin sənədləri yoxlanılır və daha sonra bu məlumatlar idarə heyətinə çıxarılır. İdarə heyətində qərarvermə səs çoxluğu ilə həyata keçirilir. Üzv olmaq üçün hər hansısa bir böyük biznesə və yaxud da uğur hekayəsinə sahib olmaq kimi tələbimiz yoxdur. Tələbimiz “AmCham Azerbaijan”la oxşar dəyərlərin paylaşılmasıdır. Bu dəyərlər şəffaflıqdan, iqtisadi inkişafa töhfə verməkdən, dürüstlükdən ibarətdir. Çünki “AmCham Azerbaijan”ın bazarda ciddi biznes nüfuzu var. Biz bu nüfuzun qorunmasına çox həssas yanaşırıq. Üzvlərimizin də biznes nüfuzunun təmiz, ləkəsiz olmasının üzərində fokuslanırıq”.
“Üzvlük üçün əsas meyar böyük biznesə sahib olmaq deyil, palatanın dəyərləri – şəffaflıq, dürüstlük və iqtisadi inkişafa töhfə vermək prinsipləri ilə uzlaşmaqdır. Biz bazardakı nüfuzumuza çox həssas yanaşırıq”, - o fikrini yekunlaşdırıb.
