Azərbaycan, Salyan/ Trend müxbir E.Məmmədov/ "Salyan-çörək" ASC Salyan rayon mağazalarından satılan çörəyin qiymətini 20 qəpikdən 30 qəpikə qaldırıb. Səhmdar Cəmiyyətin direktoru Bəybala Manafovun cümə axşamı verdiyi məlumata görə, qiymət artımı çörəyin çəkisinin 400 qramdan 500 qrama qədər artırılması ildə bağlıdır.
"Bundan başqa, zavodun aldığı unun 1 kisəsinin ( 50 kq) qiyməti artıq 24 AZN-ə çatıb. İstehsalda istifadə olunan çiyid yağının bir kiloqramı əvvəllər 70 qəpik idisə, indi 1 manat olub. Çörəyin mayasının qiymətində də artmı var" - deyə Manafov bildirib.
Rayondakı kolxoz bazarında isə keyfiyyətindən asılı olaraq 1 kq buğdanın qiyməti 30-40 qəpikdən 40-50 qəpiyə qalxıb.
Çörəyin qiymətinin artması Azərbaycanın Tovuz rayonunda da müşahidə olunub. Tovuz rayonunda çərşənbə günündən etibarən bir çörəyin qiyməti 20 qəpikdən 25 qəpiyə qədər artıb. "Çörəyin qiyməti unun bir kisəsinin qiymətinin 2 manat bahalaşması ilə əlaqədardır" - deyə Tovuz rayonunda çörək və un məmulatları satıcıları Trend -a bildiriblər. 40 kiloqramlıq un kisəsinin qiyməti çərşənbə axşamı rayonda 20 manata olsa da, çəşənbə günü qiymət 22 manat təşkil edib.
Artıq iki aya yaxındır ki, ölkədə çörəyin və un məmulatlarının qiymətinin artımı müşahidə olunur. Ekspertlər bildirirlər ki, çörəyin qiymətinin artması taxıl kəsri (defisit), həmçinin ixracatçı ölkələrdə taxılın qiymətinin artması ilə əlaqədardır.
Azərbaycanın illik taxıl tələbatı 3 mln. tondur ki, bunun da 1 mln. tonu əsasən Rusiya, Qazaxıstan və Ukraynadan idxal olunur.
Bakıda 500 qramlıq bir çörəyin orta qiyməti 30 qəpik təşkil edir.