Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ 2008-ci ildə Azərbaycanın valyuta ehtiyatlarının artım templərinin sürətlənməsi onların idarə edilməsinin effektivliyini artırmaqla şərtlənir. AMB-nin növbəti il üçün pul siyasətinin istiqamətlərinə dair dekabrın 28-də yaydığı məlumatda bildirilib ki, valyuta ehtiyatlarının idarə edilməsinin strategiyası yeni investisiya siyasəti ilə uyğun aparılacaq. Bu strategiyanın əsas komponentləri ehtiyatların müxtəlif valyutalara diversifikasiya edilməsi və bir valyutadan asılılığın azaldılmasıdır. Bu, ehtiyatların mütləq dəyərini saxlayacaq və bununla ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsini dəstəkləyəcək. Milli Bankın 2007-ci ildə valyuta təkliflərinin sterilizasiya əməliyyatları nəticəsində, valyuta ehtiyatları 1.4 mlrd. dollar artaraq 3.759 mlrd. dollar təşkil edib. İl ərzində valyuta ehtiyatlarının idarə edilməsindən 150 mln. dollar gəlir əldə edilib. Hazırda üç menecerin -Dünya bankının xəzinədarlığı, İsveçrənin UBS və ABŞ-ın JP Morgan banklarının idarəsində 270 mln. dollar vəsait var. Vəsaitlərin idarə edilməsinin qeyri-effektiv olması səbəbindən, Milli Bank holland ABN Amro bankı ilə müqaviləni ləğv edib və onun idarəsində olan vəsaitləri UBS-ə verib. Dünya bankının sərəncamında 110 mln. dollar, UBS-də -105 mln. dollar, JP Morgan-55 mln. dollar vəsait var. Məlumatda bildirilir ki, 2008-ci ildə bank sektoru vasitəsilə qeyri-neft sektoruna xarici investisiyaların axını səbəbinə görə, kapital hesabının kəsirinin azaldılması nəticəsində, Azərbaycanın maliyyə ehtiyatları 19 mlrd. dollara çatacaq. Növbəti ildə tədiyyə balansının profisitinin təxminən 14 mlrd. dollar olacağı gözlənilir. Strateji valyuta ehtiyatları Milli Bankın valyuta ehtiyatlarından, Dövlət Neft Fondunun aktivlərindən və Dövlət xəzinədarlığının valyuta vəsaitlərindən formalaşdırılır.