...

Azərbaycan və Türkmənistanın qarşılıqlı münasibətlərində yeni səhifə

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2008 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may/ Trend / Borclardan, xüsusilə də çoxillik borclardan qurtulmağın gətirdiyi yüngüllük hissi nə iləsə müqayisə edilə bilməz. Azərbaycan bu hissi mayın 19-da, 15 il ona əziyyət verən türkmən borcundan xilas olduqdan sonra yaşadıb. Borcla bağlı illərlə davam edən davalardan sonra, Azərbaycan Türkmənistana olan 44,8 mln. ABŞ dolları məbləğində borcunu birdəfəlik qaydada ödəmək qərarına gəlib. Borcun qaytarılması Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun rəsmi səfəri ilə eyni vaxta düşüb.

Hazırki türkmən lideri Türkmənistanın mərhum prezidenti Saparmurat Niyazovun 1996-cı ildəki səfərindən 12 il sonra Azərbaycana gəlib. Azərbaycan prezidenti İlham Əliyevin dəvətini qəbul edən Berdıməhəmmədov bununla tammiqyaslı tərəfdaşlığın qurulmasına hazırlıq ifadə edib. Görüş zamanı iki dövlət başçısı - Xəzər üzrə qonşular öz münasibətlərini prinsipial yeni inkişaf səviyyəsinə yönəldərək, ikitərəfli əməkdaşlıq məsələlərinin ən geniş spektri üzrə mövqeləri tutuşdurublar. Böyük iqtisadi, ehtiyat və mədəni potensial nəzərə alınmaqla, Türkmənistan -Azərbaycan tərəfdaşlığının perspektivəri çox genişdir.

Türkmənistana olan borcun yaranması tarixinin kökləri 1991-92-ci illərə gedir. Borc türkmən qazının alınmasına görə yaranıb. Yenicə müstəqillik yoluna qədəm qoymuş və çətin siyasi, iqtisadi dövrlər yaşayan gənc Azərbaycan o zaman borc almağa və əcnəbi kreditlər cəlb etməyə başladı. 1993-cü ildən Azərbaycanın xarici borcunun həcmi 41,1 dəfə artaraq, 2007- ci ildə 2442 mln. ABŞ dollar təşkil edib.

Lakin, türkmən qazının möhlətlə alınması nəticəsində yaranmış borcla bağlı əngəl yarandı. Tərəflər borcun məbləği ilə bağlv razılığı gələ bilmədilər. Əlbəttə, bu gün bu haqda keçmiş zamanda danışmaq olar (kimin maraqlarının qalib gəldiyi barədə danışmadan), lakin müəyyən vaxtadək borcun məbləği, onsuz da, Xəzərin bölünməsi və mübahisəli neft yataqları üzrə fikir ayrılıqlarına malik ölkələr arasında əlavə "maneə daşı" olub. Niyazovun hakimiyyətdə olduğu dövrdə Türkmənistan hətta Azərbaycandakı səfirini geri çağırıb. [Berdıməhəmmədovun səfəri çərçivəsində Türkmənistanın Azərbaycanda səfirliyi açılıb.]

Türkmən tərəfi hesab edirdi ki, borcun ödənilməyən hissəsi 59,6 mln. ABŞ dolları təşkil edir. O, təbii qazın tədarükü nəticəsində yaranıb və 1995-ci ildə qismən restrukturlaşdırmadan sonra üstünə gəlmiş cərimələr və faizlərlə birlikdə 36,7 mln. dollar təşkil edib. Bundan əlavə, türkmən tərəfi ticarət-iqtisadi münasibətlər nəticəsində,Türkmənistan MB və Azərbaycan Milli Bankı arasında yaranan 22,9 mln. ABŞ dolları məbləğində (Türkmənistan Mərkəzi Bankına görə, bu məbləğin 15 mln. ABŞ dollarını əsas borc, qalan hissəsini isə, faizlər təşkil edir) borcu da nəzərə alırdı.

Bu arada Azərbaycan hökuməti qaz tədarükünə görə 18,7 mln. ABŞ dolları məbləğində borcu tanıyıb. Təsərrüfat subyektləri isə, Türkmənistana daha 8 mln. ABŞ dolları borcludurlar. Azərbaycan hökuməti bu borcu dövlət zəmanətinə malik borc məbləğinə aid etmirdi. Azərbaycanın versiyasına əsasən, qaz tədarükü türkmən tərəfinin, brak olduğunu izah edərək qiymətini azaltdığı mallarla qismən kompensasiya edilib. Əvvəllər türkmən tərəfi onların yolda itdyini bəyan edərək, alınmış qazın əvəzinə Azərbaycandan göndərilən malları hesaba almırdı. Halbuki, Azərbaycan tərəfi bu malların itməsinə görə məsuliyyət daşımır. Bundan əlavə, hüquq-mühafizə orqanları bu vəziyyətin aydınlaşdırılması üçün Aşqabada səfər ediblər.

1992-1993-cü illərin ticarət-iqtisadi münasibətlərinin yekunları üzrə yaranmış borca (təsərrüfat subyektlərinin borcları) gəldikdə isə, 1995-ci il 22 fevral tarixli hökumətlərarası sazişə müvafiq olaraq, bu borcu həmin ilin martınadək nizamlamaq nəzərdə tutulub. Lakin, Türkmənistan hökuməti MDB dövlət başçıları Şurasının Birlik üzvlərinin ticarət-iqtisadi münasibətlər üzrə borclarını dövlət borcları kimi rəsmiləşdirməyi nəzərdə tutan 1995-ci il tarixli qərarına qoşulmadı.

Hər iki tərəf öz mövqelərinin -- sənədlərlə əsaslandırılmış mövqelərinin olmasını bildirirdilər. Bu zaman türkmən hökuməti Rusiya bankını mübahisəli məqamların nizamlanması üçün orqan qismində cəlb edərək, daha qəti addımlar atır və mütəmadi olaraq öz mövqeyini istənilən səviyyədə, hətta arbitraj məhkəməsində müdafiə etməyə hazır olduğundan xəbər verirdi. İqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan -Türkmənistan komissiyasının 2008-ci il yanvarın 17-də Aşqabadda keçirilən birinci iclası çərçivəsində, bərabərpaylı məbləğin müəyyən edilməsi haqqında razılıq əldə edilib.

Türkmən tərəfi bu pulları özü üçün həyati əhəmiyyətli hesab edir və bu vəsaitləri təhsil sahəsində islahatlar çərçivəsində, kompüter və multimedia avadanlığının alınmasına yönəltməyi planlaşdırır. Artıq bir ildən çoxdur ki, yeni prezident Berdıməhəmmədovun rəhbərlik etdiyi Türkmənistan hazırda təhsil sistemində mühüm islahatlar həyata keçirir, əvvəllər türkmənlər üçün qeyri-adi olan internet-mərkəzlər açır.

Azərbaycan üçün mübahisəli 18,1 mln. ABŞ dollarını (hətta təsərrüfat subyektlərinin borcu ilə birlikdə 26,7 mln. ABŞ dolları məbləğində Azərbaycan versiyası və dəqiqləşdirilmiş - 44,8 mln. ABŞ dolları arasında fərq) ödəmək böyük çətinlik yaratmır. Ölkə uğurla iri neft layihələri həyata keçirir, xam neftə olan əlverişli xarici iqtisadi konyuktura isə, qızıl-valyuta ehtiyatlarının artmasına gətirir.

Azərbaycanın Türkmənistana olan iri borcunu qaytarması öz bəhrəsini verib. Türkmən prezidentinin səfəri çərçivəsində, ikitərəfli münasibətlərin inkişafını əks etdirən 7 sənəd imzalanıb, həmçinin, Xəzər problematikası və energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Borcun qaytarılması ölkələr arasında gərgin münasibətləri aradan qaldırıb və ümid var ki, bu, mübahisəli neft yataqları ilə bağlı problemlərin aradan qaldırılmasına təkan verəcək. Bu dəfə Azərbaycanın xeyrinə.

Ellada Xankişiyeva, Trend -ın Analitik Mərkəzinin direktoru

Xəbər lenti

Xəbər lenti