Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir S.Babayeva / Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) köməyi ilə radiasiya fonunu ölçmək üçün kalibrləmə laboratoriyasını yaradacaq. Bu barədə cümə axşamı agentliyin Baş direktoru Ramiz Həsənov bildirib.
"MAQATE lazımı avadanlığı təqdim edəcək və biz [Dövlət Agentliyi] onun yerləşdirilməsi ilə məşğul olacağıq", - deyə o bildirib.
Həsənovun sözlərinə görə, MAQATE-nin təqdim edəcəyi avadanlıq $500 min dəyərləndirilir.
"Bizim təqdim edəcəyimiz, divarları 10 metr qalınlığında olan məkan ətraf mühitə ziyan vurmamaq üçün yerin altında olmalıdır. Biz artıq təqdim edəcəyimiz yeri müəyyən etmişik. Sözügedən yer Bakı şəhərinin ətrafında yerləşir", - deyə agentliyin rəhbəri bildirib. Laboratoriyanı 2009-cu ildə istismara verilməsi planlaşdırılır.
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi 2001-ci ilin dekabrında ölkə prezidentinin fərmanı ilə təsis olunub. Agentlik standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyət obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini formalaşdıran və hayata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) nüvə texnologiyasından dinc istifadə sahəsində beynəlxalq elmi-texniki əməkdaşlıq forumudur. 1957-ci ildə BMT çərçivəsində muxtar təşkilat kimi yaradılmış MAQATE ABŞ prezidenti Eyzenhauerin 1953-cü ildə BMT Baş Assambleyasının sessiyasında "Dünya üçün atom" nitqində səsləndirdiyi təkliflərin reallaşdırılması üzrə beynəlxalq səylərin zirvə nöqtəsidir. Hazırda agentliyin geniş xidməti, proqram spektri və fəaliyyət növü, 130 üzv-dövlətin tələbatları əsasında qurulub.