...

Bakı-Tbilisi-Qars dəmir yolu strateji əməkdaşlıq layihəsidir: Türkiyənin nəqliyyat naziri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2008 17:21 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu strateji əməkdaşlıq layihəsidir: Türkiyənin nəqliyyat naziri ilə müsahibə

Türkiyə, Ankara, 14 iyul / Trend , мüхbir T. Əliyev/ İyulda Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu əlaqəsinin Türkiyə hissəsinin tikintisinə başlanılması üzrə rəsmi mərasimin keçirilməsi gюzlənilir. Bu  ərəfədə Trend -ın Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımla müsahibəsi

     -Türkiyə Bakı -Tbilisi -Qars dəmir yolu layihəsinin bölgənin və regional əməkdaşlığın inkişafında rolunu necə qiymətləndirir?

- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yalnız Türkiyə, Azərbaycan və Gürcüstanın yox, bütün Qafqaz və Qazaxıstan üzərindən Çinə qədər  uzanan coğrafiyanı Avropa ilə birləşdirən mühüm layihədir. Uzun illər boyu bu haqda danışılıb, ancaq layihə ilə bağlı ciddi irəliləyiş əldə edilməmişdi. 2004-cü ildən məsələ surətləndi və bugünkü vəziyyətə gəldi. İyulun 24-də Qarsda xəttin Türkiyə hissəsinin təməlqoyma mərasimi keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prrezidenti Mixail Saakaşvili və Türkiyə prezidenti Abdullah Gül, eləcə də hər üç ölkənin nəqliyat nazirlərinin iştirakı nəzərdə tutulur. İnkişafın təməl şərti kəsintisiz nəqliyat infrastrukrudur. Bu layihə Orta Asiyanı və Uzaq Şərqi Anadolu üzərindən Avropaya bağlayan, əsrlər boyu mədəniyyətlərin keçid marşrutu olan İpək yolunu yenidən həyata keçirən bir layihədir. Bu, eyni zamanda, strateji, regional əməkdaşlıq layihəsidir. Təbii ki, həm şimaldan, həm cənubdan qonşu ölkələrin də iştirakı ilə son dərəcə mühüm regional əməkdaşlıq yaradılacaq. Ona görə Bakı-Tbilisi-Qars layihəsinə, sadəcə, 3 ölkənin layihəsi kimi baxmaq olmaz. Bu bütün bölgəyə, Avropaya və Uzaq Şərqə xidmət edəcək layihədir.

     - Azərbaycanın layihənin reallaşmasındakı rolunu necə qiymətləndirirsiniz?

- Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsində, şübhəsiz, Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentlərinin güclü iradəsi mühüm rol oynayıb. Amma cənab İlham Əliyevin bilavasitə iradəsi olmasa, bu layihə həyata keçirilə bilməzdi. Xəttin Gürcüstan hissəsinin maliyyələşdirilməsində Azərbaycanın nümayiş etdirdiyi müsbət yanaşma, hər halda, layihənin həyata keçirilməsində ən mühüm addım idi. Bunun üçün hörmətli İlham Əliyevə minnətdarlığımızı bildiririk.

       -Türkiyənin apardığı hesablamalara görə, marşrut üzrə sərnişin və yük daşımalarının dinamikası necə proqnozlaşdırılır?

- Aydın məsələdir ki, Bakı-Tbilisi-Qars dmir yolu xətti qısa müddətdə nəticə verəcək layihə deyil. Təbii ki, layihə ilə bağlı hesablamalar aparılıb. Layihənin 2011-ci ildə istifadəyə veriləcəyi nəzərdə tutulur. Hesablamalara əsasən, başlanğıcda bu marşrutla ildə 1 milyon sərnişin və 6 milyon 500 min ton yük daşınması nəzərdə tutulur. 2034-cü ildə bu göstəricilərin, müvafiq olaraq, 3 milyon sərnişin və 17 milyon ton yük səviyyəsinə çatması gözlənilir.

   - Türkiyə Bosforun altından tunel tikintisi ilə bağlı mühüm bir layihə həyata keçirir. Bir növ, Bakı-Tbilisi-Qarsı tamamlayan bir layihə kimi qiymətləndirilən "Marmaray" layihəsi nə vaxt tamamlanacaq?

İstanbulda "Marmaray" layihəsi çərçivəsində boğazın altından keçən tunellə bağlı işlər davam edir. Bu, tarixi Ipək Yolunun Asiyadan Avropaya kəsintisiz olaraq keçməsini təmin edəcək mühüm bir layihədir. Onun da 2013-cü ildə başa çatması nəzərdə tutulur. Bu layihənin əsas xüsusiyyəti ondan ibarətdir ki, Çindən Londona gedən qatar dənizin 60 metr altından keçərək, kəsintisiz olaraq hərəkət edə biləcək. Bu xüsusiyyəti ilə də "Marmaray" layihəsi, bir növ, Bakı-Tbilisi-Qars layihəsini tamamlayacaq.

    - Naxçıvanın Türkiyənin dəmir yolu sisteminə qoşulması ilə bağlı təşəbbüs irəli sürülüb. Bununla bağlı ilk addımlar nə vaxt atılacaq?

- Naxçıvanın dəmir yolunun Türkiyənin dəmir yolu sisteminə bağlanması nəzərdə tutulur. Bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı bu məsələ müzakirə edildi və layihə münasib görüldü. Prezident İlham Əliyev Azərbaycanın layihəyə maliyyə dəstəyi verəcəyini bildirdi. Bu, çox faydalı bir layihə olacaq. Naxçıvanın Türkiyənin dəmir yolu sisteminə qoşulması İqdır-Naxçıvan bölgəsini sərbəst ticarət sahəsinə çevirmək deməkdir. Bu layihə kənd təsərrüfatı baxımından zəngin bir bölgəni, həm Türkiyə, həm bölgə, həm də dünya ticarəti baxımından, mühüm və əlverişli bir mərkəzə çevirəcək. Biz bu layihəni dəstəkləyirik. Biz qərara gəldik ki, məsələ ilə bağlı ilkin araşdırmaları aparaq, daha sonra Azərbaycan tərəfinin nümayəndələri ilə görüşün növbəti addımlarını müzakirə edəcəyik

  - Türkiyə ilə Azərbaycan arasında nəqliyyat sahəsindəki əməkdaşlığı necə qiymətləndirirsiniz? Hansı istiqamətlər inkişaf etdirilməlidir?

- İki ölkə arasında nəqliyat sahəsindəki əməkdaşlıqda prioritet məsələ birbaşa nəqliyat əlaqələrini yaratmaqdır. Bakı-Tbilisi-Qars layihəsi ilə buna nail oluruq. Bundan başqa, Azərbaycanla İran və Rusiya vasitəsilə avtomobil və dəniz nəqliyyatını inkişaf etdiririk. Bu məsələdə heç bir problem yoxdur. Naxçıvanı da Türkiyəyə dəmir yolu ilə birbaşa bağlayacağıq. Hava yolu daşımalarında iki ölkə arasında təyyarə səfərləri getdikcə artır.

   -  Türkiyə ilə Azərbaycan arasında rabitə sahəsində hansı birgə layihələr nəzərdə tutulur?

- Bizim Azərbaycanın Nəqliyat nazirliyi ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi ilə də çox sıx əlaqələrimiz var. Azərbaycanda yolların çəkilməsində Türk şirkətləri mühüm işlər görür. Nəhayət, çox yaxında peyk sahəsində də əməkdaşlıq layihəsi həyata keçirəcəyik. Bu işin bütün hazırlıqları başa çatdırılıb.Türkiyənin peyk sahəsinə Azərbaycanın peyk göndərməsi və ondan iki ölkənin müştərək istifadə etməsinə dair razılıq əldə etdik.      

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti