Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti əhalinin adambaşına düşən ehtiyac meyarının səviyyəsinin 55 manatdan 60 manatadək artırılmasını təsdiqləyib.
Azərbaycan prezidenti iyulda ehtiyac meyarının səviyyəsi haqqında Qanuna düzəlişləri təsdiq edib və Qanunun tətbiqi haqqında sərəncam verib. Qanuna edilən düzləişlərə əsasən, ünvanlı sosial yardımın hesablandığı ehtiyac meyarı 2008 - ci il yanvarın 1- dən 45 manat, 2008 - ci il iyulun 1 - dən 55 manat səviyyəsində təsdiqlənib. Ödənişlərin təmin edilməsi üçün dövlət büdcəsindən 128 mln. manat və əlavə 48 mln. manat vəsait ayrılıb.
2009 - cu ilin büdcəsinə əsasən, yaşayış minimumunun səviyyəsi də 70 manatdan 84 manatadək artırılıb. Əhalinin əmək qabiliyyətli hissəsi üçün yaşayış minimumu 92 manat, pensiyaçılar - 65 manat, uşaqlar üçün 69 manat səviyyəsində müəyyən edilib.
İlin əvvəlində Azərbaycan prezidentinin fərmanı ilə bu il üçün aylıq yaşayış minimumu 70 manatadək artırılıb (əvvəllər 64 manat). Əmək qabiliyyətli əhali üçün bu hədd 79 manat, pensiyaçılar - 55 manat, uşaqlar - 59 manat səviyyəsində müəyyən edilib.