Azərbaycan, Bakı, 5 aprel /Trend/
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 244 kiloqrama yaxın istifadə müddəti ötmüş, normativ texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Həmin məhsulların sırasına qənnadı məmulatları, kolbasa, un və un məmulatları, süd və süd məhsulları, bal, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. daxil olub.
İstehlakçı hüquqlarının pozuntusu faktları Bakının Nəsimi və Binəqədi rayonlarında, eləcə də Qusar və Göranboy rayonlarında aparılmış monitorinqlər nəticəsində aşkarlanıb.
Dövlət Xidməti tərəfindən tikinti materialları bazarında aparılan nəzarət tədbirləri zamanı Gəncədə 5,4 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar edilərək satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub və cərimə tətbiq edilib.
Dövlət Xidməti istehlakçıları diqqətli olmağa və istehlak müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verməyə çağırır.