...

Azərbaycanın "İSR-duz istehsalı" şirkətinin duz istehsalı dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 19:45 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən duz istehsalı ilə məşğul olan, Abşeron rayonunda yerləşən "İSR-duz istehsalı" MMC-də araşdırma aparıb.
Azərbaycanın "İSR-duz istehsalı" şirkətinin duz istehsalı dayandırıldı

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən duz istehsalı ilə məşğul olan, Abşeron rayonunda yerləşən "İSR-duz istehsalı" MMC-də araşdırma aparıb. Nəticədə müəyyən olunub ki, sexdə yodlaşdırılmış duz istehsalı üçün lazımi şərait olmadığı halda, tədarük edilən duz emal olunaraq qablaşdırılır. Bu barədə Komitənin məlumatda deyilir.

Mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır, lakin müəssisənin bu sınaqları aparmaq üçün laboratoriyası, istehsal olunan duzun sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə və sınaq protokolları yoxdur.

Məhsul müəyyən emal prosesi keçdikdən sonra kustar üsulla gözəyarı hazırlanmış kalium-yodat məhlulu vasitəsilə yodlaşdırılır ki, bu da heç bir standartın və normativ sənədin tələblərinə uyğun deyil.

Normativ sənədin tələblərinə görə emal olunmuş duz çoxqatlı kağız içliyə yığıldıqdan sonra paketlərə qablaşdırılmalı olduğu halda, birbaşa hermetik olmayan kağız paketə qablaşdırılır. Bu da məhsulun keyfiyyətinin itirilməsinə (yodun uçmasına) səbəb olur. Məhsulun markalanmasında da bir sıra nöqsanlara yol verilib. Belə ki, markalanmada məhsul üçün normativ sənəd deyil, qüvvədən düşmüş normativ sənəd göstərilib. Məhsulun üzərində reklam xarakterli ("Ekoloji təmiz") məlumat da yerləşdirilib ki, bu da qanunvericiliyə ziddir.

"İSR-duz istehsalı" MMC-dəki nöqsanlarla əlaqədar olaraq sexdə aşkar olunmuş hər birinin çəkisi 850 qram olan 6860 ədəd hazır məhsulun satışının qadağan olunması barədə tələbnamə verilib. Müəssisədə məhsul istehsalı dayandırılıb.

Xəbər lenti

Xəbər lenti