Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycandakı fəaliyyət planlarından asılı olaraq, oktyabrda Azərbaycanın MBASK şirkətinin səhmdarlığına daxil olan Fransanın "AXA Group" şirkəti ya yerli sığorta şirkətlərinə təzyiq göstərəcək, ya da onları öz ardınca çəkib aparacaq ki, bunu da zaman göstərəcək. Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) idarə heyətinin sədri Feyruz Novruzov belə hesab edir.
"Əgər AXA Azərbaycanda ciddi şəkildə işə girişsə, onda dünyamiqyaslı ən iri oyunçulardan biri yerli şirkətlərə ciddi rəqibət olacaq. Onun maliyyə imkanları daha çox və məhsulları daha genişdir. AXA-nın imkanları daha genişdir və bizim üçün onunla rəqabət aparmaq çox çətin olacaq. Çox güman ki, onlar yerli sığorta bazarında daha çox biznes əldə etməyə çalışacaqlar", - Novruzov bildirib.
Onun sözlərinə görə, son iki ildə Azərbaycanın sığorta bazarında rəqabət kəskin şəkildə artıb.
"Hələ fransız sığortaçının gəlişinədək Azərbaycan bazarında rəqabət kəskin şəkildə artıb. Bir neçə il bundan əvvəl vəziyyət başqa cür idi. Mən öz təcrübəmizə əsaslanaraq bildirirəm ki, biz öz müştərilərimizlə çox rahat işləyirdik, zaman-zaman müqavilələri təzələyirdik, yeni müştərilər cəlb edirdik və bütün bunların hamısı nisbətən sakit idi. Son iki il ərzində, xüsusilə də son bir ildə rəqabət güclü şəkildə artdı və demək olar ki, hər bir müştəri uğrunda "müharibə gedir", bəzən bu mübarizə vicdanlı olur, bəzən isə o qədər də yox. Bəzi şirkətlərə müştərilərin axını başlayıb, AXA-nın bazara gəlişi ilə bu axın çox güclənə bilər", - Novruzov bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, AXA-nın gəlişi bazarın inkişafı üçün təkan rolunu da oynaya bilər.
"Bazar üçün hansısa təkan da olacaq. Çox güman ki, həm xidmətlər və məhsullar, həm də sığorta fəaliyyəti və etimadın artması planında hansısa yenilik meydana çıxa bilər. Bu, bizim hamımızı onların ardınca çəkə bilər. Lakin buna baxmayaraq, biz bu gəlişə bir qədər ehtiyatla yanaşırıq", - Novruzov bildirib.
"AXA Group" Azərbaycanın iri MBASK sığorta şirkətinin səhm paketini əldə edib. Nəzarət paketi Fransanın "AXA Seguros Generales" şirkətinin törəmə müəssisəsi olan "AXA Group" tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və MBASK-ın kapitalında payın alınması hesabına əldə edilib. Qeyd edək ki, "MBASK"ın səhmlərinin 30 faizi AYİB-ə və 70 faizi isə şirkətin əsas səhmdarı Eldar Qəribova məxsusdur. Qəribova yerdə qalan 49 faizə bərabər pay məxsus olacaq.
AXA həyat sığortası və tibbi, əmanətlər, beynəlxalq sığorta və təkrar sığorta, maliyyə resurslarının idarə olunması və b. üzrə xidmətlər göstərir. Əsası 1816-cı ildə qoyulan şirkətin mənzil-qərargahı Parisdə yerləşir. "AXA Group"un əməkdaşlarının ştatı 216 min nəfərdən çoxdur, müştəri bazası bütün dünyada 96 milyon nəfər təşkil edir. "Fortune" jurnalının versiyasına görə, AXA dünyanın ən iri 500 şirkətinin siyahısında doqquzuncu yeri tutur.
Azərbaycanda 27 sığorta şirkəti və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Hazırda ölkədə xarici kapitalın iştirakı ilə beş sığorta şirkəti fəaliyyət göstərir.