...

BVF 2011-ci ildə Azərbaycana xərclərin qarşısının alınması siyasətini davam etdirməyi tövsiyə edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2011 17:49 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi böhrandan sonra bərpası davam edir.
BVF 2011-ci ildə Azərbaycana xərclərin qarşısının alınması siyasətini davam etdirməyi tövsiyə edir (FOTO)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan iqtisadiyyatının qlobal iqtisadi böhrandan sonra bərpası davam edir. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının yeni rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin (MCD) direktor müavini Nədim İlahi Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında deyib.

"2010-cu ildə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempi müşahidə olunub və bu artım geniş dövlət investisiya xərcləri ilə əhəmiyyətli dərəcədə stimullaşdırılıb. Əsasən qlobal ərzaq qiymətlərinin qalxması üzündən 2010-cu ildə inflyasiya yüksək templə artıb", - İlahi bildirib.

Onun sözlərinə görə, hazırda inflyasiya gözləntilərinin möhkəmlənməsi ilə bağlı artan əlamətlər müşahidə olunur.

"2011-ci ilin perspektivləri də ümidvericidir və qeyri-neft sektorunun artımı 6 faiz, ümumi iqtisadi templərin 2,8 faiz səviyyəsində olacağı gözlənilir. Artımı 16 faiz səviyyəsində olacağı proqnozlaşdırılan qlobal ərzaq qiymətlərinin qalxması nəticəsində Azərbaycanda inflyasiya templəri bu ilin sonuna 10 faizə çata bilər, - fond missiyasının rəhbəri qeyd edib. - Hökumətin əsas vəzifəsi inflyasiya gözləntilərini məhdudlaşdırmaq, büdcə-vergi siyasətini isə tələblə bağlı təzyiqləri zəiflətməyə yönəltməkdən ibarətdir".

"Qeyri-neft sektorunun artımının əsasını tikinti, ticarət və xidmətlər sahəsində artım tempinin bərpası təşkil edəcək", - missiya rəhbəri vurğulayıb.

İlahinin fikrincə, neft gəlirlərindən maliyyələşən büdcə ekspansiyası son illərdə qeyri-neft sektoru artımının əsas aparıcı qüvvəsi olub, lakin iqtisadiyyatın hərarətinin yüksəlməsi ilə bağlı artan risklər 2011-ci ildə ehtiyatlı siyasətin həyata keçirilməsini tələb edir. Missiya rəhbəri hesab edir ki, 2010-cu ildə xərclərin məhdudlaşdırılması qeyri-neft kəsirinin gözləniləndən daha az olması ilə nəticələnib, bu isə öz növbəsində inflyasiya səviyyəsini məhdudlaşdırmağa kömək edib.

BVF missiyası 2011-ci ildə də xərcləri məhdudlaşdırmağı tövsiyə edir və rəsmi orqanların büdcə xərclərini iqtisadiyyatın xərclərini mənimsəmə imkanlarına uyğunlaşdırmaq niyyətini alqışlayır. "Hətta yeni karbohidrogen ehtiyatları perspektivi gerçəkləşərsə belə, ortamüddətli dövrdə büdcənin davamlılığını təmin etmək tələb olunur, - İlahi əlavə edib. - Buna nail olmaq üçün qeyri-neft gəlirləri artırılmalı, dövlət xərclərinin effektivliyi yüksəldilməli və davamlı özəl qeyri-neft sektorunun inkişafının davam etməsi üçün şərait yaradılmalıdır".

O hesab edir ki, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşması yüksək inflyasiyanın təsirinə ən çox məruz qalan yoxsul təbəqələr üçün əlavə ünvanlı sosial köçürmələrin ayrılmasını tələb edəcək.

BVF-nin missiyası fevralın 7-dən 15-dək Bakıdadır. Keçirilən müzakirələr cari ilin ikinci rübündə gözlənilən IV maddə üzrə məsləhətləşmələrin aparılması üçün təməl yaradıb.

Xəbər lenti

Xəbər lenti