...

"Bank of Baku" 145 məlumat mərkəzinin xidmətlərini təkmilləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2011 16:01 (UTC +04:00)
Cari il aprel ayından etibarən "Bank of Baku"nun 145 məlumat mərkəzinə regionlardan daxil olan şəhərlərarası zənglərin rabitə xərcləri artıq müştərilər tərəfindən deyil, bank tərəfindən ödəniləcək.
"Bank of Baku" 145 məlumat mərkəzinin xidmətlərini təkmilləşdirir

Azərbaycan, Bakı, 28 aprel /Trend/

"Bank of Baku" müştəriləri üçün təqdim etdiyi xidmətlərin səviyyəsini daim artırmaqda davam edir. Beləliklə, cari il aprel ayından etibarən "Bank of Baku"nun 145 məlumat mərkəzinə regionlardan daxil olan şəhərlərarası zənglərin rabitə xərcləri artıq müştərilər tərəfindən deyil, bank tərəfindən ödəniləcək. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

145 məlumat mərkəzi informasiya tutumuna, proqram təminatına və texniki imkanlarına görə "Bank of Baku"nun məhsul və xidmətləri barədə məlumatlandırılmasına xidmət edir. Həftənin bütün günləri 24 saat ərzində şəhər və mobil telefonlarından 145 nömrəsini yığıb məlumat mərkəzinə qoşulmaqla "Bank of Baku" ilə bağlı müxtəlif mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək mümkündür. Həmçinin, məlumat mərkəzi layihəsi çərçivəsində avtomatlaşdırılmış məlumatlardan əlavə operatora qoşulmaqla bank məhsulları, şərtləri, kampaniyalar və s. haqqında ətraflı məlumat əldə etmək mümkündür.

2010-cu ilin avqust ayında "Bank of Baku" müştərilərin vaxtına qənaət etmək məqsədilə Azərbaycan bank bazarında analoqu olmayan "Telefon Bankçılıq - 145" növbəsiz ödənişlər xəttini açıb. Bu xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən, istənilən vaxt, istənilən telefonla kredit ödənişlərini həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün isə sadəcə istənilən telefon (mobil və ya şəhər), "Bank of Baku"nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin rəsmiləşdirilməsi və ya ödəniş zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir. Ödəniş həyata keçiriləndən sonra müştəriyə ödənişin icrası haqqında müvafiq SMS göndərilir. Xidmət haqqında əlavə məlumat http://www.bankofbaku.com/az/phone-payment.html ünvanında yerləşdirilib.

145 məlumat mərkəzində aşağıdakı mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək mümkündür:

- bankın ən son yenilikləri və kampaniyaları;

- əmanətlər, ipoteka kreditləri, istehlak kreditləri, plastik kartlar, yol çekləri, təcili pul köçürmələri və s. məhsul və xidmətlət barədə ətraflı məlumatlar (layihələrin şərtləri, tariflər və s.)

- valyuta məzənnələri;

- bankın filial və xidmət məntəqələrinin ünvanları, telefon və faks nömrələri;

- bankın ATM-lərinin ünvanları;

- bankın ödəniş rekvizitləri və s.

Bununla yanaşı, bankın fəaliyyəti, xidmətlərin səviyyəsi və ya bankın məhsulları barədə təklif və ya iradları olanlar üçün də məlumat mərkəzində xüsusi bölmə yaradılıb. Bu bölmədə zəng edən şəxs özü barədə qısa məlumat verdikdən sonra irad və təkliflərini bildirə bilər. Məlumat mərkəzinin xüsusi işçi qrupu mütəmadi olaraq daxil olan zənglərin, xüsusilə də təklif və iradların təhlili ilə məşğuldur. Ay ərzində 145 məlumat mərkəzinə 50 min - 70 min müraciət daxil olur, o cümlədən 700 - 1000 müraciət regionların payına düşür.

Xəbər lenti

Xəbər lenti