Azərbaycan, Bakı, 22 iyun /Trend/
Dubayın "Flydubai" aviaşirkəti "GE Aviation" şirkəti ilə 10 il müddətində 109 mühərrikin texniki xidməti və təmiri ilə bağlı onillik saziş imzalayıb. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Paris aviasalonu çərçivəsində imzalanmış "OnPoint" tipli saziş "Flydubai"ın "Boeing 737-800 NG" tipli təyyarələrində təchiz edilmiş hər bir CFM56-7B mühərikki üçün 2 milyon ABŞ dolları həcmində investisiya yatırımını nəzərdə tutur. Müqavilənin ümumi həcmi 300 milyon ABŞ dollarından artıqdır.
"Flydubai" hava donanmasının qorunması, uçuş heyətinin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə daim tərəfdaş və xidmət təchizatçılarının axtarışındadır. Bu müqavilənin imzalanması müasir təyyarələrimizin mühərriklərinin qorunub saxlanmasını təmin edəcək", - "Flydubai" şirkətinin başçısı Qeyt əl-Qeyt bəyan edib.
2011-ci il, iyunun 1-də ikiilliyini qeyd etmiş "Flydubai" aviaşirkətinin donanması hazırda 17 təyyarədən ibarətdir. Yaxın aylarda aviadonanmanın artırılması planlaşdırılır.
"OnPoint" tipli sazişlər aviadonanmanın sayından asılı olmayaraq, müştərinin əməliyyat və maliyyə tələbatına uyğun olaraq işlənib hazırlanır. Bu, istismar xərclərinin azaldılması və aviaşirkətlərə vəsaitlərini daha səmərəli istifadə etmələrinə imkan verir. "OnPoint" texniki xidməti əsaslı təmir, yeni və istifadə edilmiş ehtiyat hissələrinin təchizatı və təmiri, texnologiyaların yenilənməsi, mühərriklərin icarəsi, qurucu sistemlərin diaqnostikası və mühafizəsini nəzərdə tutur.
Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. Aviaşirkət biletləri ədalətli qiymətlərlə təklif edir - sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Biletləri şirkətin saytından (www.flydubai.com) və +9714 301 0800 nömrəsinə zəng edərək və ya turoperatorlardan əldə etmək olar.