Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə-İsrail əmtəə dövriyyəsinin həcmi birinci ölkə üçün əhəmiyyətsiz dərəcədədir, ona görə də Ankara ilə Təl-Əviv arasındakı əlaqələrin kəsilməsi Türkiyə iqtisadiyyatına zərər yetirməyəcək. Türkiyə Prezidentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Erşad Hürmüzlü belə düşünür.
"Türkiyə İsrail ilə əlaqələrin kəsilməsindən zərər görməyəcək, çünki İsrail Türkiyə iqtisadiyyatında mühüm rol oynamır", - Hürmüzlü Trend-ə telefonla Ankaradan bildirib.
Sentyabrın 2-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər ikinci dərəcəli səviyyəyə keçib. Bundan əlavə, Ankara Təl-Əvivlə hərbi əməkdaşlığı dayandırıb.
Nazir deyib ki, Ankara öz səfirini Təl-Əvivdən geri çağırıb. Davudoğlu onu da bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Təl-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq.
İsrailin Müdafiə Nazirliyinin İnformasiya-Analitika İdarəsinin rəhbəri Amos Gilad bəyan edib ki, İsrail-Türkiyə münasibətlərinin pisləşməsinə baxmayaraq, İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək.
Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.
Ötən il ərzində iki ölkə arasındakı xarici ticarət dövriyyəsi 26 faiz artıb və 2011-ci ilin ilk yarısında onun ümumi həcmi 2,335 milyard dollar olub. İsrailə Türkiyə idxalının mühüm hissəsini 1,25 milyard dollar məbləğində sement, mərmər və digər tikinti materialları, geniş tələbat malları və qida məhsulları təşkil etdiyi halda, Türkiyəyə İsrail idxalı 1,1 milyard dollar olub. İsraildən gətirilən mallar arasında tanklar, dəzgahlar, mülki və hərbi aviasiya üçün müxtəlif avadanlıqlar, optik cihazlar və s. təşkil edir.
Hürmüzlünün sözlərinə görə, Türkiyə üçün ölkənin maraqları və prinsipləri iqtisadi xeyirdən daha üstündür.
O qeyd edib ki, Türkiyənin region ölkələri ilə münasibətlərindəki prioritet məsələ prinsiplərə riayət etməkdir və ölkə bu məsələdə güzəştə getməyəcək.