...

Azərbaycan gömrüyündə müstəqil iqtisadi operatorlar fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 11:42 (UTC +04:00)
2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Gömrük Məcəlləsi Azərbaycanda təkcə Avropa standartlarına deyil, həm də beynəlxalq standartlara cavab verən sənədlərdən biridir.
Azərbaycan gömrüyündə müstəqil iqtisadi operatorlar fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Axundov/

2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Gömrük Məcəlləsi Azərbaycanda təkcə Avropa standartlarına deyil, həm də beynəlxalq standartlara cavab verən sənədlərdən biridir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

"Bu, məcəllənin hazırlanmasında iştirak edən beynəlxalq maliyyə təşkilatları tərəfindən də təsdiqlənib", - Əliyev bildirib.

Onun sözlərinə görə, sənədin əsas yeniliklərindən biri müstəqil iqtisadi operatorun fəalliyyyətə başlamasıdır.

"Gömrük qeydiyyatını həyata keçirəcək bu şirkət gömrük brokerlərinin fəaliyyətinin daha müstəqil formasıdır. Məcəllənin bu maddəsi Avropa təcrübəsi əsasında hazırlanıb", - Əliyev bildirib.

Müstəqil iqtisadi operatorlar Dövlət Gömrük Komitəsinin verdiyi lisenziya əsasında fəaliyyət göstərəcəklər.

DGK rəhbərinin sözlərinə görə, digər mühüm yeniliklər elektron bəyannamələrin, elektron imzaların tətbiqi və digər yeniliklərdir.

Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib.

Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, dövlət büdcəsinin gəlirlərinin artırılması, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin sürətlənməsi, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsi, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, gömrük tarif siyasətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılması, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılması, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşması və ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti