...

Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa regional ofisi açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2011 18:09 (UTC +04:00)
Bazar ertəsi Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) potensialın möhkəmləndirilməsi üzrə Avropa regional ofisinin açılışı keçirilib.
Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa regional ofisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Axundov/

Bazar ertəsi Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) potensialın möhkəmləndirilməsi üzrə Avropa regional ofisinin açılışı keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri (DGK) Aydın Əliyevin sözlərinə görə, bu mərkəz ÜGT-nin Avropadakı nümayəndəliyi olacaq.

"Ümumdünya Gömrük Təşkilatı dünyanı altı regiona bölüb və bunlardan ən böyüyü Avropa və MDB-nin 51 ölkəsini birləşdirir. Bu mərkəz ən böyük regiona xidmət göstərəcək", - Əliyev deyib.

Onun sözlərinə görə, mərkəzin yerləşməsi məsələsi dörd il vaxt aparıb.

"Bir çox ölkələr bu mərkəzi öz ölkəsində görmək istəyirdi. Lakin seçim Azərbaycan üzərində dayandı. Təşkilatın 174 üzv ölkəsindən heç biri mərkəzin Azərbaycanda yerləşməsinin əleyhinə çıxmayıb", - DGK-nin sədri bildirib.

Əliyev deyib ki, mərkəzin açılması Azərbaycanın gömrük sahəsindəki böyük uğurudur.

Mərkəzin rəhbəri Vitali Mikeladzenin sözlərinə görə, mərkəz region ölkələrinin gömrük xidmətlərinin modernləşdirilməsi məsələləri ilə məşğul olacaq, onların fəaliyyətinin sinxronlaşdırılması və beynəlxalq standratlara uyğun işlər aparılması üzrə tədbirlər görəcək.

"Mərkəzin fəaliyyətinin digər istiqamətinə ÜGT-də istifadə edilən alətlərin region ölkələrinə ötürülməsi, həmçinin təşkilat üzvləri arasında təcrübə mübadiləsinin aparılması daxildir", - Mikeladze deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə altı ay ərzində mərkəzdə inzibati heyət qismində beş nəfər işləyəcək. Bundan başqa, mərkəzdə azərbaycanlı mütəxəssislər də işləyəcək.

Mərkəz rəhbəri bildirib ki, mərkəz gömrük sahəsində kadrların hazırlanması və onların ixtisasının artırılması üzrə maarifləndirici vəzifəni də yerinə yetirəcək. Bu cür mərkəzlər vasitəsilə ÜGT gömrük sektorunda magistr proqramları təqdim edəcək.

"Gələcəkdə mərkəzin Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlığı da istisna edilmir. Burada məqsəd bu proqramların azərbaycanlı tələbələrə təqdim edilməsidir", - Mikeladze deyib.

Ofisin Bakıda açılması təşəbbüsü 2009-cu ildə ÜGT-nin Avropa regionu üzrə gömrük xidmətlərinin rəhbərlərinin Norveçin Bergen şəhərində keçirilən konfransında irəli sürülüb. Azərbaycan nümayəndə heyəti bu məsələ üzrə təqdimatla çıxış edib.

2009-cu il iyunun 25-27-də ÜGT-nin Gömrük Əməkdaşlığı Şurasının Brüsseldə keçirilən 113-114-cü sessiyasının gedişində vahid regional ofisin Azərbaycanda açılması təşəbbüsü dəstəklənib və ofisin Bakıda təsis edilməsi barədə qərar qəbul edilib. Nəhayət 2009-cu ilin noyabrında Bakıda regional ofisin açılması ilə əlaqədar olaraq DGK ilə ÜGT arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Xəbər lenti

Xəbər lenti