...

İspaniya Azərbaycanın gələcək inkişafı üçün təcrübə və nou-hau təklif etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 09:00 (UTC +04:00)
Azərbaycanla İspaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün 2012-ci ildə Bakıda geniş formatda biznes forumun keçirilməsi planlaşdırlır.
İspaniya Azərbaycanın gələcək inkişafı üçün təcrübə və nou-hau təklif etməyə hazırdır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanla İspaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün 2012-ci ildə Bakıda geniş formatda biznes forumun keçirilməsi planlaşdırlır. Bu barədə cümə axşamı Trend-ə İspaniyanın xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet Azərbaycana ilk rəsmi səfəri çərçivəsində bildirib. İspaniyanın dövlət katibinin Azərbaycana səfəri oktyabrın 19-20-də baş tutub.

"Biz Azərbaycan hökuməti ilə gələn il Bakıda əlaqələrin inkişafı üçün vacib olan biznes forumun təşkili məsələlərini müzakirə etdik. Biz bir sıra İspaniya şirkətlərinin ölkəyə cəlb edilməsini istəyirik. Onlar Azərbaycanın inkişafına töhfə verəcək sektorlarda zəngin beynəlxalq fəaliyyət təcrübəsinə malikdirlər", - Bonet deyib.

Onun sözlərinə görə, ticari əlaqələrin, investisiyaların və texniki yardımın inkişafı üçün əməkdaşlıq sahələrinin müəyyən edilməsi məqsədilə İspaniya və yerli şirkətlər arasında seminarların və ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

"Biz hələ tarixi müəyyənləşdirməmişik, çünki bizə texniki prosedurlardan keçmək və bu tədbirlərin uğurunu təmin etmək üçün təmsil olunacaq sahələri müəyyən etməyə bir neçə ay vaxt lazımdır", - Bonet deyib.

Onun sözlərinə görə, çox güman ki, biznes forum gələn ilin ortalarına yaxın keçiriləcək.

Bonetin fikrincə, mümkün maraq sahələri infrastruktur, o cümlədən, avtomobil və dəmiryolları, enerji sektorunda bərpa olunan enerji mənbələri, eləcə də yüksək informasiya texnologiyaları, ətraf mühitin mühafizəsi (tullantıların utilizasiyası, suyun təmizlənməsi), tikinti materialları, mebel, turizm ola bilər.

"Azərbaycan bazarında İspaniya şirkətlərinin aktivliyinin aşağı olması hökumətlərimizin səyləri ilə həll edilməli olan problemdir. Biz Azərbaycanda mövcud olan nəhəng imkanlar, o cümlədən, yaxın illər ərzində ölkədə həyata keçirilən iddialı investisiya planları barədə daha yaxşı məlumatlandırmalıyıq", - o deyib.

Bonetin sözlərinə görə, ölkələrimiz arasında münasibətlərin cari səviyyəsi çox aşağıdır.

"Biz etiraf edirik ki, münasibətlərin səviyyəsi çox aşağıdır və biz vəziyyəti düzəltmək üçün tədbirlər görməliyik. İspaniya son 20-30 il ərzində ölkənin gələcək inkişafı üçün vacib olan bir çox sektorlarda istehsal olunan nou-haulara da malikdir", - o deyib.

"Biz bir müddət əvvəl Azərbaycanın hazırda olduğu analoji vəziyyətdə idik. Biz müxtəlif sektorlar üçün texnoloji və iqtisadi infrastruktur qurmalı, yeni fəaliyyət növlərinə sərmayə qoymalı idik və biz bunu etdik. Bu gün İspaniya dünyada ən iri iqtisadiyyata malik ölkələrdən biridir, ÜDM-in həcminə görə dünyada təqribən 8-9-cu yerdədir, xüsusilə, nəqliyyat sahəsində ən yaxşı infrastrukturlardan biri bizdədir", - Bonet deyib.

Xəbər lenti

Xəbər lenti