Azərbaycan, Bakı, 30 yanvar / Trend/
2012-ci ilin yanvarından Azərbaycan Beynəlxalq Bankı (ABB) "Mobilbank" xidmətinin yenilənmiş və yaxşılaşdırılmış versiyasını işə salıb. Trend-in məlumatına görə, bu barədə ABB-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Köhnə versiyadan fərqli olaraq bu xidmətdən istənilən mobil operatorun abonentləri istifadə edə bilərlər. Bununla yanaşı, müştərinin telefonuna xüsusi proqram təminatının yüklənməsi üçün SIM kartların dəyişdirilməsi tələb olunmur, proqramı internetdən yükləmək kifayətdir (www.azericard.com/mb/iba.jad yaxud Blackberry üçün www.azericard.com/mb/bis/iba.jad ).
Müştərini tanınması üçün bankomatdan seriya nömrə və parollarla xüsusi qəbzin çap edilməsi lazımdır.
"Mobilbank" xidmətinin köməyi ilə müştəri real zaman rejimi ilə, olduğu yerdən asılı olmayaraq mobil telefon vasitəsi ilə itki və ya oğurluq halında öz bank kartını bloklamaq, hesabda qalıq haqqında informasiyanı və çıxarışı almaq, müxtəlif xidmətlərin (elektrik, internet, telefon, televiziya) ödənişini həyata keçirmək, bir kart hesabından pulu başqa (KartTransfer-ə) köçürmək, həmçinin bonus kartına əlavə edilmiş balansı yoxlamaq imkanına malikdir.
"Yaxın vaxtlarda ümumilikdə, elektron bankçılıq xidmətlərindən istifadə imkanlarının dairəsinin genişləndirilməsinin davam etdirilməsi planlaşdırılır", - məlumatda deyilir.