Azərbaycan, Bakı, 22 fevral /Trend/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Belarusun İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
İqtisadi İnkişaf Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nazirlikdə Belarusun iqtisadiyyat naziri Nikolay Snopkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Belarus arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşün sonunda "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Belarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında" saziş imzalanıb. sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Belarus tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Nikolay Snopkov imzalayıblar.
Sənəddə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət, investisiya, sahibkarlığın inkişafı sahəsində məlumat və təcrübə mübadiləsi, qarşılıqlı maraq kəsb edən proqram və layihələrin həyata keçirilməsi, eləcə də iş adamları arasında ikitərəfli görüşlərin, biznes-forum və seminarların təşkili nəzərdə tutulur.