Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir Ə.Həsənov/
Neft-qaz sektorundan asılılığın azaldılması üçün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin imkanları və perspektivləri çərşənbə günü Bakıda keçirilən "Buttonwood Breakfast" konfransının müzakirə mövzusu olub.
"Bu problemin həll edilməsi üçün kənd təsərrüfatı, informasiya texnologiyaları, rabitə və s. sahələrə investisiyaların qoyulması, habelə yüksəkixtisaslı kadrların hazırlanması, səmərəli korporativ idarəetmənin, inkişaf etmiş fond bazarının, ümumilikdə kapital bazarının yaradılması lazımdır", - Trend-in məlumatına görə, konfransın yekunları üzrə jurnalistlərə "Economist Conferences"in Avropa qitəsi, Yaxın Şərq və Afrika üzrə rəhbəri Duqal Tomson deyib.
"Avrozonadan çoxlu sayda investorları gözləməyə dəyməz, lakin Çin investisiyalarının cəlb edilməsi üzrə perspektivlər var. Belə ki, Çin potensial xarici investisiyalar mənbəyidir", - Tomson qeyd edib.
Kadr hazırlığı məsələsinə toxunan Tomson təkcə ali təhsil sisteminin deyil, həm də texniki təhsilin inkişafının zərurətini qeyd edib.
"Bunun üçün təhsil sahəsində islahatların keçirilməsi vacibdir ki, burada qabaqcıl rol ölkə hökumətinə verilir", - Tomson deyib.
Onun fikrincə, Türkiyədə olduğu kimi inkişaf etmiş fond bazarı və likvidliyini yaratmaq yaxşı olardı.
Tomsonun sözlərinə görə, Azərbaycanda korporativ idarəetmənin tətbiqində flaqmanlar Azərbaycan bazarında təmsil olunan xarici şirkətlər olub.
"Biz istəyirik ki, Azərbaycan şirkətləri indi özləri bu istiqamətin inkişafına köklənsinlər", - Tomson deyib.
Konfransda, həmçinin bank sistemində konsolidasiya məsələləri müzakirə edilib, belə ki, hazırda Azərbaycanda olan bankların sayı ölkə iqtisadiyyatının həcmlərinə cavab vermir. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsələsi də müzakirə edilib ki, bu da ölkənin bank sektorunun inkişafında rol oynayacaq.
Konfrans "Paşa Bank"ın sponsorluğu ilə "The Economist" tərəfindən təşkil edilib.