...

Azərbaycan bankları pensiyaçılara plastik kartların verilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 16:26 (UTC +04:00)
Azərbaycan bankları artıq pensiyaçılara birbaşa plastik kartların verilməsinə başlayıb.
Azərbaycan bankları pensiyaçılara plastik kartların verilməsinə başlayıb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan bankları artıq pensiyaçılara birbaşa plastik kartların verilməsinə başlayıb. Halbuki bu proses indiyədək Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbəsi vasitəsilə həyata keçirilirdi. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Fondun sədri Səlim Müslümov bildirib.

Bu, DSMF-nin fevralda keçirdiyi bank sistemi ilə plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi sisteminin təşkili üzrə işlərin satın alınmasına dair tenderin şərtlərindən biri olub. Tender təkliflərinin açılması aprelin 4-də baş tutub.

"Tenderin şərtlərinə əsasən, yeni qaydalar mayın 1-dən qüvvəyə minir, lakin biz qərar qəbul etdik ki, banklar artıq fəaliyyət müddəti başa çatan plastik kartların yenilənməsi prosesinə başlasınlar. Əvvəllər pensiyaçılara kartların verilməsi prosesində vasitəçilər olub ki, bu da mənfi faktorların meydana çıxmasına şərait yaradırdı. İndi isə kartlar birbaşa verilir. Bu addım qaçılmaz idi və ölkədə korrupsiya ilə mübarizə və səffaflığın artırılması üzrə addımlardan biridir. Mövcud proses banklar üçün yenidir, buna görə də ilkin mərhələdə cüzi çətinliklər ortaya çıxır, lakin biz birgə səylərlə bu çətinlikləri aradan qaldırmağa çalışırıq", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, mart-aprel aylarında təkcə Sumqayıt, Abşeron rayonu və Bakının 11 rayonunda 90 120 pensiya kartının müddəti başa çatıb. Hazırda banklarda onların dəyişdirilməsi üzrə sürətli proses gedir.

"Kartların hazırlanması ilə bağlı problem yoxdur, onlar artıq hazırdır və aprel ayının pensiyaları kartlara yüklənib, çətinlik yalnız onların verilməsində müşahidə edilir. Sənədlərin baxılması, yeni pensiya kartının verilməsi müəyyən vaxt tələb edir. Buna görə də biz pensiyaçıların təmkinli olmalarını xahiş edirik. Bankların filiallarında növbələrin yaranmasına səbəb pensiyaların verilməsi və kartların əvəz edilməsinin eyni vaxta düşməsi oldu. Hansı bankların kartları yeniləcəyini aydınlaşdırmaq üçün tenderin aprelin 4-də başa çatmasını gözləyirdik. Sonra yeni kartların hazırlanmasına bir neçə gün tələb olundu. Bununla əlaqədar olaraq, kartların yenilənməsi pensiyaların verilməsi dövrünə düşdü", - DSMF sədri vurğulayıb.

Onun sözlərinə görə, hazırda bütün bankomatlarda müvəkkil bankların filiallarının ünvanları olan elanlar yerləşdirilir. Burada məqsəd pensiyaçıların pensiya kartlarını harada yeniləməyin mümkün olduğunu bilməsidir.

"Tenderin nəticələrinə əsasən, əvvəllər olduğu kimi Bakıda pensiyaçılara xidməti Azərbaycan Beynəlxalq Bankı (ABB) göstərəcək. ABB Bakının 11 rayonu üzrə tenderin qalibi olub", - Müslümov deyib.

Tenderin elan edilməsində əsas məqsəd pensiya və sosial müavinətlərin verilməsi üzrə müvəkkil bankların sayının artırılması olub. İndiyə qədər ölkədə pensiya və sosial müavinətlərin paylanması iki müvəkkil bank - ABB və "Kapital Bank" vasitəsilə keçirilirdi.

Xəbər lenti

Xəbər lenti