Azərbaycan, Bakı, 10 may / Trend/
Azərbaycanda ilk dəfə olaraq, kreditlərin ödənilməsi bank xaricində 400-dək məntəqədə mümkün olub. Trend-in məlumatına görə, bu barədə "DəmirBank"ın cümə axşamı yaydığı məlumatda deyilir.
2012-ci ilin may ayından etibarən "DəmirBank"ın müştəriləri PayPoint-in 400 ödəniş terminalı vasitəsilə öz kreditlərini ödəmək imkanı əldə ediblər.
"DəmirBank" reteyl bank olaraq müştəri məmnuniyyətinə böyük önəm verir. PayPoint-la əməkdaşlıq müştəriləri hər yerdə rahat xidmətlə təmin etməyə imkan verib. Bununla Bankın pərakəndə şəbəkəsi faktiki olaraq 400 məntəqə artıb", - deyə, "DəmirBank"ın İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov əməkdaşlığı şərh edib.
Terminal vasitəsilə kreditlərin ödənilməsi üçün ekranda "Bank xidmətləri" düyməsini seçmək, abunəçi kodunu (kreditin ödənişi üçün cari hesab nömrəsini) daxil etmək, təsdiqləmək, pulları qəbulediciyə daxil etmək, qəbzi götürmək və saxlamaq lazımdır.
Kreditlərin ödənilməsi üzrə müştəridən heç bir komissiya tutulmur. 17:00-dan sonra və qeyri iş günləri olan ödənişlər növbəti iş günü hesabınıza köçürülür. Terminal yalnız manat qəbul edir, ABŞ dolları ilə olan kredit üzrə valyuta kurslarını nəzərə alaraq manatla ödəniş etmək olar.
"Servisimiz vasitəsilə ödənilməsi mümkün olan xidmətlərin siyahısının genişləndirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Biz, maliyyə və bank xidmətləri də daxil olmaqla bütün müntəzəm ödənişlərin həyata keçirilməsi məqsədilə əhaliyə geniş imkanlar təqdim etmək üçün əlimizdən gələni edirik", - deyə, PayPoint qeyd edib.
PayPoint - Komtec şirkətinin servis brendidir. PayPoint şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəniş xidmətləri üçün platformanı təmin etməkdir. PayPoint ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, super marketlərdə, hava limanında, Bakının və Azərbaycanın digər şəhərlərinin vağzallarında yerləşdirilib.