Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycan qeyri-neft sektorunun inkişafı tempini nəzərə alaraq, qeyri-neft məhsullarının ixracının inkişafı məqsədilə Avropa ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASMK) baş katibi Məmmədəli Əfəndiyev bazar ertəsi Bakıda keçirilən sahibkarlar arasında ixrac potensialının inkişafına dair seminarda bildirib.
"Azərbaycanda qeyri-neft məhsullarının inkişafı ildən-ilə artım tendensiyasına malikdir və biz yeni xarici tərəfdaşlar tapmaqda maraqlıyıq. Bu, həm kiçik və orta sahibkarlığın ixrac potensialının, yəni qeyri-neft ixrtacının gücləndirilməsi, həm də Avropa ölkələrinin bu sahədəki təcrübəsini öyrənmək üçün lazımdır", - Əfəndiyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda Ümumdünya Ticarət Təşkilatına (ÜDT) daxil olmaq məqsədilə də işlər görülür.
Seminarda iştirak edən almaniyalı ekspert Henri Zimmermanın sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoru üçün ciddi potensial var. Lakin kiçik və orta sahibkarlar bu sahədə inkişaf etmək üçün hələ çalışmalıdırlar.
Seminarda yerli sahibkarlar, eləcə də Almaniyadan və İspaniyadan olan ekspertlər iştirak ediblər.