Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Oktyabrın əvvəlinə Azərbaycan regionlarında əhaliyə verilən kreditlər 1372,9 milyon manat və ya bankların kredit portfelinin ümumi həcminin 11,95 faizini təşkil edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.
AMB-nin məlumatına görə, Bakı üzrə bu göstərici 10107,9 milyon manat təşkil edib ki, burada milli valyutada verilən kreditlərin payına 6720,6 milyon manat düşüb.
Oktyabrın əvvəlinə ölkədə orta faiz dərəcəsi 15,4 faiz, Bakı üzrə isə 14,6 faiz təşkil edib.
Kreditləşmənin həcmi Abşeron iqtisadi rayonu üzrə orta faiz dərəcəsi 18,2 faiz olmaqla 344,2 milyon manat, Aran iqtisadi rayonu üzrə 23 faizlə 307,1 milyon manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 22 faizlə 34,8 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu üzrə 21,5 faizlə 272,17 milyon manat, Quba-Xaçmaz - 20,2 faizlə 118,48 milyon manat, Lənkəran - 24,7 faizlə 119,5 milyon manat, Şəki-Zaqatala - 23,1 faizlə 79,68 milyon manat, Yuxarı Qarabağ - 22,5 faizlə 14,5 milyon manat, Kəlbəcər-Laçın - 18,1 faizlə 2,8 milyon manat, Naxçıvan - 12,3 faizlə 81,5 milyon manat olub.
Azərbaycanda kreditlərin böyük hissəsi ev təsərrüfatlarına verilir. AMB-nin məlumatına görə, 2012-ci ilin üçüncü rübünün yekunları üzrə ev təsərrüfatlarına 35,2 faiz və ya 4042,5 milyon manat kredit verilib.
İkinci yerdə ticarət və xidmət (24,8 faiz və ya 2846,1 milyon manat kredit), üçüncü yerdə mülk tikintisi sahəsi (9,6 faiz və ya 1103,4 milyon manat) qərarlaşıb.
Sənaye və istehsalatın payına 6,7 faiz (774,9 milyon manat), kənd təsərrüfatı və emala 4,6 faiz (528,8 milyon manat), nəqliyyat və rabitəyə 3,8 faiz (439,1 milyon manat), enerji, kimya və təbii resurslar 3,5 faiz (403,6 milyon manat), qalan sahələrin payına isə 0,4 faiz və ya 42,3 milyon manat düşüb.