Azərbaycan, Bakı, 15 noyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda treninqlərini davam etdirir. Növbəti belə maarifləndirmə tədbiri cümə axşamı Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Öz biznes ideyanı yarat və öz biznesinə başla" və "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularında Lənkəran şəhərində keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirləri, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilib.
Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.