Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir C.Nəsibova/
2012-ci il noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda inşaat işlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 30,9 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
O cümlədən, dövlət şirkətləri tərəfindən həyata keçirilən inşaat işlərinin həcmi işlərin ümumi həcminin 24,6 faizini, özəl şirkətlər tərəfindən isə 75,4 faizini təşkil edib.
Görülmüş tikinti işlərinin 72,9 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 14 faizini əsaslı təmir, 2,3 faizini cari təmir, 10,8 faizini isə digər tikinti işləri təşkil edib.
2012-ci ilin yanvar-oktyabr aylarında inşaat bölməsinə 91,6 min nəfər cəlb edilib, tikinti sektorunda orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 562,6 manat təşkil edib. Bununla, dövlət şirkətlərində əməkhaqqı 462,5 manat (il ərzində artım 17,9 faiz), özəl şirkətlərdə isə 624,9 manat (artım 3,3 faiz) təşkil edib.
İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqları 596 manat olub. Binaların tikintisi sahəsində əməkhaqqının səviyyəsi il ərzində 1,9 faiz artaraq 538,6 manat, ixtisaslaşdırılmış tikinti işlərində 12,8 faiz artımla 699,5 manat, mülki təyinatlı inşaat işlərində isə 28,7 faiz artaraq 440,6 manat olub.