Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda 2013-cü ildə əkin sahələrinin suvarılması ilə bağlı problem gözlənilmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.
Onun sözlərinə görə, bütün əkin sahələri zəruri miqdarda su ilə təmin olunub və bundan sonra da təmin olunacaq.
"Hər şey yağıntıların səviyyəsindən asılıdır, lakin hələlik heç bir problem gözlənilmir. Bütün əkin sahələri su ilə təmin olunacaq", - Əhmədzadə deyib.
Onun sözlərinə görə, habelə meliorasiya və su təsərrüfatı sahəsində iri layihələr çərçivəsində bütün qalan işlər davam etdirilir.
"Bütün layihələr plan və proqramlara uyğun həyata keçirilir. Həyata keçirilən layihələrin əksəriyyəti iri layihələrdir və onların reallaşdırılması üçün vaxt lazımdır", - Əhmədzadə qeyd edib.
Çayların daşması məsələsi ilə bağlı Əhmədzadə bildirib ki, bununla mübarizə məqsədilə müntəzəm olaraq sahilbərkitmə işləri aparılır. Həmin işlər, əsasən, dağ çaylarında, eləcə də Kür və Araz çaylarında həyata keçirilir.