Azərbaycan, Bakı, 4 mart/Trend/
Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası İqtisadi İnkişaf Nazirliyində olub, nazir Şahin Mustafayevlə görüşüb. Trend-in bazar ertəsi nazirliyin saytına istinadən verdiyi məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatında aparılan islahatlar, 2012-ci ilin yekunları üzrə makroiqtisadi vəziyyət, son illərin inkişaf meylləri, 2013-2017-ci illərdə Azərbaycanın əsas makroiqtisadi proqnozları barədə məlumat verib.
Missiya üzvlərinə bildirilib ki, 2013-2017-ci illər ərzində iqtisadi artım orta hesabla 5,1 faiz, o cümlədən, qeyri-neft sektorunda 8 faiz proqnozlaşdırır. Bu dövrdə orta illik inflyasiya 4,4 faiz təşkil edəcək.
BVF-nin Azərbaycan üzrə missiyası ilə görüşdə 2013-cü il üçün makroiqtisadi çərçivə, qeyri-neft sektorunun, xüsusilə özəl bölmənin inkişafı tədbirləri və s. məsələlər müzakirə edilib.
Görüşdə həmçinin, missiya üzvlərinin sualları cavablandırılıb, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.